Məktəb və uşaq bağçalarının tikintisi üçün yeni müvəqqəti qaydalar tətbiq oluna bilər
Gürcüstan hökuməti məktəb və uşaq bağçalarının tikintisi və yenidən qurulması üçün müvəqqəti dəstək tədbirlərinin tətbiqini planlaşdırır.
InterPress.ge xəbər verir ki, bununla bağlı dəyişikliklər Gürcüstanın Məkan Planlaşdırılması, Memarlıq və Tikinti Fəaliyyəti Məcəlləsinə hazırlanmış düzəlişlər paketində əks olunub. Layihə İnfrastruktur Nazirliyi tərəfindən hazırlanıb.
Qurumun izahına görə, müvəqqəti tədbirlərin tətbiqi məktəb və bağçaların tikintisinin daha çevik şəkildə, mövcud torpaq sahələrinin imkanlarına uyğun həyata keçirilməsinə kömək edəcək.
Parlamentə təqdim olunan layihəyə əsasən, bələdiyyənin qərarı ilə məktəblərin və erkən, məktəbəqədər təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması zamanı torpaq sahəsinin maksimal tikinti əmsalının və tikinti intensivliyinin normadan artıq olmasına icazə verilə bilər. Həmçinin yaşıllaşdırma əmsalının azaldılması və digər tikinti normalarından fərqli şərtlərlə tikinti sənədlərinin təsdiqlənməsi mümkün olacaq.
Layihəyə əsasən, bu imkanlardan yalnız müvafiq dövlət qurumunun müraciəti əsasında istifadə ediləcək və bunun ictimai maraqlara zidd olmaması, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükəsiz mühitin pisləşməsinə səbəb olmaması tələb olunacaq. Buraya yanğın təhlükəsizliyi normaları da daxildir.
Dəyişikliklərə görə, bəzi hallarda tikinti intensivliyi və maksimal tikinti əmsalı ətraflı inkişaf planı olmadan da artırıla biləcək.
Dəstək tədbirlərinin tətbiqi ilə bağlı qərarı bələdiyyələrin icraedici orqanları qəbul edəcək, Tbilisidə isə bu səlahiyyət şəhər hökumətinə məxsus olacaq.
Layihəyə əsasən, dövlət qurumları bu müvəqqəti mexanizmlərdən istifadə ilə bağlı müraciətləri 2035-ci il dekabrın 31-dək təqdim edə biləcəklər.
Qanun layihəsinin izahat məktubunda qeyd olunur ki, məktəb və bağçalar üçün ayrılan torpaq sahələrinin əksəriyyəti kiçik ölçülü olduğundan mövcud tikinti normalarına tam cavab vermir.
Sənəddə bildirilir ki, bir çox hallarda həmin ərazilərdə əlavə torpaq sahələrinin birləşdirilməsi və ya alternativ yerlərin tapılması mümkün deyil.
“Hazırkı qaydalar məktəb və bağçaların mövcud torpaq sahələrində layihələndirilməsini demək olar ki, mümkünsüz edir. Mövcud ərazilərdə binanın maksimal hündürlüyü, tikinti intensivliyi, sərhəd zonaları və digər normativlərin tam qorunması çətindir”, – deyə izahat məktubunda qeyd olunub.
Sənəddə vurğulanır ki, uşaqlar üçün layiqli təhsil mühitinin yaradılması dövlət üçün prioritet məsələdir və mövcud çətinliklərin aradan qaldırılması üçün müəyyən güzəştlərin tətbiqi zəruridir.
“Bu problemin miqyasını nəzərə alaraq, məsələ yalnız mövcud tikinti və reabilitasiya proqramları ilə həll edilə bilməz. Buna görə də bütün maraqlı tərəflərin iştirakı və dəstəyi vacibdir”, – deyə layihədə bildirilir.
Qeyd edək ki, Gürcüstan Parlamenti sözügedən dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edəcək.


