“Guido Reni” kompleksinin yenidən qurulması Eagle Hills-in Avropa portfelinin genişlənməsinin növbəti mərhələsidir — Construction Week
“Guido Reni” adlı tarixi hərbi kazarmanın yenidən qurulması BƏƏ-nin “Eagle Hills” şirkətinin Avropa layihələrinin əhəmiyyətli şəkildə genişlənməsini ifadə edir. İnternet nəşri Construction Week yazır ki, bu layihə şirkətin Venesiyada COIMA ilə birgə bərpa etdiyi tarixi “Des Bains” otelinin rekonstruksiyasından sonra portfelin ən mühüm davamıdır.
Nəşrin məlumatına görə, Roma şəhərində yerləşən tarixi “Guido Reni” kazarmalarının genişmiqyaslı transformasiyası o zaman mümkün olub ki, İtaliyanın Milli Reklam İnstitutunun aktivlərin idarəedilməsi bölməsi — CDP Real Asset SGR — COIMA SGR-in böyük şəhərsalma yenilənməsi layihəsinin inkişafında tərəfdaş qismində iştirakına razılıq verib.
Layihənin həyata keçirilməsi üçün COIMA, Əbu-Dabidə fəaliyyət göstərən və Məhəmməd Alabbar tərəfindən təsis edilmiş “Eagle Hills” ilə əməkdaşlıq qurub.
Tərəfdaşlıq çərçivəsində COIMA-nın ESG City Impact Fund fondu istifadə ediləcək. Bu fond İtaliyanın ən böyük şəhərsalma yenidənqurma fondu sayılır və Cassa Forense, ENPAM, Inarcassa, Cassa dei Commercialisti, Intesa Sanpaolo, Compagnia di San Paolo və digər institusional investorları birləşdirir. Rekonstruksiya üçün nəzərdə tutulan ümumi investisiya həcmi təxminən 400 milyon avrodur.
Roma şəhərinin mədəniyyət mərkəzi sayılan Flaminio rayonunda yerləşən 5 hektarlıq ərazi 23 keçmiş sənaye binasını əhatə edir və Zahа Hadidin MAXXI muzeyi, Renzo Pianonun Auditorium Parco della Musica kompleksi, Pyer Luidci Nervinin Palazzetto dello Sport idman arenaları kimi görkəmli obyektlərlə əhatələnib. Baş plan dinamik, çoxfunksiyalı məhəllənin yaradılmasını nəzərdə tutur. Bu məhəllədə müasir yaşayış binaları, tələbə yataqxanaları, mehmanxana infrastrukturu, ticarət məkanları və ictimaiyyətə açıq sahələr yerləşdiriləcək.
Construction Week yazır ki, “Eagle Hills” dünyada müasir yaşayış kvartalları, inteqrasiya olunmuş məhəllələr və qonaqpərvərlik obyektlərinin yaradılması ilə tanınır və bu layihələr iqtisadi, sosial və mədəni dəyərin eyni zamanda formalaşmasına xidmət edir.


