Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarına tibbi xidmət və maddi yardım 2027-ci ilədək uzadılıb
Gürcüstan hökumətinin qərarına əsasən, Ukraynada davam edən müharibə səbəbindən Gürcüstana gələn və ölkədə fasiləsiz yaşayan Ukrayna vətəndaşları 2027-ci il yanvarın 1-dək tibbi xidmətlərdən yararlana biləcəklər.
InterPress.ge xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının məlumatına görə, Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstana gələn və Ukraynada daimi yaşamaq hüququ olan şəxslər üçün ailəyə aylıq 300 lari, hər bir şəxsə isə 45 lari məbləğində maddi yardımın verilməsi də 2027-ci il yanvarın 1-dək uzadılıb.
Müvafiq hökumət qərarlarını Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Məlumata görə, Gürcüstanda fasiləsiz qalma dedikdə şəxsin ölkənin dövlət sərhədini keçərək 3 gündən çox olmayan müddətdə geri qayıtdığı hallar da nəzərdə tutulur.
Müvafiq tibbi xidmətlərin göstərilməsini Gürcüstanın İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi təmin edəcək.
Ukrayna vətəndaşları üçün müvafiq ilin dövlət səhiyyə proqramları çərçivəsində immunizasiya, vərəm və HİV infeksiyası, QİÇS-in müalicəsi, o cümlədən spesifik dərmanlarla təminat; ana və uşaq sağlamlığı, o cümlədən antenatal müşahidə və yenidoğulmuşların skrininqi; psixi sağlamlıq; diabetin idarə olunması, o cümlədən dərman təminatı; dializ; nadir xəstəlikləri olan və daimi əvəzedici müalicəyə ehtiyacı olan pasiyentlərin müalicəsi; həmçinin təcili tibbi xidmətlər, o cümlədən doğuş və təcili immunizasiya üzrə xidmətlər göstəriləcək.
Sosial-iqtisadi dəstəklə bağlı ödənişləri Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.
Məlumata görə, Gürcüstan ərazisini tərk edən şəxsin 45 lari məbləğində növbəti ay üçün nəzərdə tutulan ödənişi dayandırılacaq. Həmçinin yaşayış şəraitinin yaradılması üçün ailəyə verilən 300 lari məbləğində maliyyələşmə də ailənin bütün üzvlərinin Gürcüstan ərazisini tərk etdiyi halda növbəti aydan dayandırılacaq.


