Kobaşidze: “Gürcüstanın milli maraqlarını Konstitusiya Məhkəməsində sonadək müdafiə edəcəyik”
"Ölkənin milli maraqlarını Konstitusiya Məhkəməsində tam şəkildə müdafiə edəcəyik."
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze Çində səfərdə olarkən gürcü jurnalistlərə açıqlama verib.
O bildirib ki, bu addım Gürcüstanda demokratik sistemin sağlamlaşdırılması üçün vacib və zəruri addımdır.
Kobaşidzenin sözlərinə görə, məzmun etibarilə antidemokratik və qeyri-konstitusion qüvvələr daim ölkənin konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və ya devrilməsinə cəhd göstərirlər. O vurğulayıb ki, belə şəraitdə demokratik sistemin özünü qoruması vacibdir və bunun hüquqi mexanizmi Konstitusiyada nəzərdə tutulub.
“Bu məsələ ölkəmiz üçün milli əhəmiyyət daşıyır. Görürsünüz ki, ölkə və onun siyasi sistemi qapalı dairədə fırlanır. Cinayətkar qruplar və xarici agentura Gürcüstana rahatlıq vermir. Onlar antidemokratik və qeyri-konstitusion qüvvələrdir, xalq tərəfindən seçilmiş hökumətin legitimliyini tanımırlar və daim dövlətin konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə cəhd göstərirlər. Belə şəraitdə, təbii ki, demokratik sistem özünü qorumalıdır. Bunun hüquqi və konstitusion mexanizmi var və biz bu mexanizmdən sonadək istifadə edəcəyik. Gürcüstanın milli maraqlarını Konstitusiya Məhkəməsində axıra qədər müdafiə edəcəyik. Bir daha vurğulayıram ki, demokratik sistemimizin sağlamlaşdırılması üçün bu addım mütləq və əvəzolunmazdır. Əgər bu, zəruri olmasaydı, bu yola getməzdik, lakin Gürcüstanda sağlam demokratik sistemin bir dəfəlik formalaşması üçün bu, qaçılmaz şərtdir,” – deyə Baş nazir bildirib.


