03 
Nybr
2025
14:47
218

Şalva Papuaşvili: “Görünür, sadəcə tapşırıq alıblar ki, İvanişvilinin adını ora salsınlar – köhnə məlumatlardan istifadə edib, tam absurda yol veriblər”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Sərhədsiz Reportyorlar” təşkilatının 2025-ci il üçün açıqladığı “Mətbuat azadlığının yırtıcıları” siyahısına Bidzina İvanişvilinin adının daxil edilməsini “tam absur” adlandırıb.

InterPress.ge-nin məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, bu qərar köhnə məlumatlara əsaslanır və məqsədli şəkildə İvanişvilinin adının siyahıya salınması tapşırığı verilib.

“Görünür, sadəcə tapşırıq olub ki, İvanişvilinin adını orada qeyd etsinlər. Köhnə məlumatlardan istifadə ediblər və Gürcüstanla bağlı tam absurd fikir bildiriblər,” – deyə Papuaşvili qeyd edib.

Onun sözlərinə görə, “Sərhədsiz Reportyorlar” təşkilatının mövqeyi ümumilikdə inandırıcılığını itirib:

“Bu, elə həmin təşkilatdır ki, Nika Qvaramiyanı guya jurnalist fəaliyyətinə görə həbs edilmiş şəxs kimi təqdim etdi. Sonradan Strasburq Məhkəməsi onların bu sənədini ifşa etdi və qərəzli olduqlarını göstərdi. Ona görə də onların dedikləri heç bir məsələdə inandırıcı deyil.”

Papuaşvili hesab edir ki, Gürcüstanda media mühiti bir çox Avropa ölkələrindən daha plüralistdir:

“Gürcüstanda müxalifətə məxsus partiya mediası fəaliyyət göstərir, onlar birbaşa partiyalardan maliyyələşir. Məsələn, Xazaradze açıq şəkildə bəzi televiziya kanallarına çantalarla pul aparır. Bundan başqa, Brüssel tərəfindən maliyyələşən təbliğat mediası da var – məsələn, ‘Netgazeti’, ‘Publika’ və başqaları. Onların əsas işi hər gün bir neçə adamın keçirdiyi mitinqləri təbliğ etməkdir.”

Parlament sədri əlavə edib ki, “Sərhədsiz Reportyorlar” və oxşar qurumlar ABŞ və Avropa kəşfiyyat orqanlarının yaratdığı media strukturlarını görməzdən gəlirlər:

“‘Azadlıq radiosu’ ABŞ xüsusi xidmət orqanlarının məhsuludur və indi Brüsselin maliyyələşdirdiyi təbliğat vasitəsinə çevrilib. Bu, rəsmi məlumatdır və burada heç bir konspirasiya yoxdur. Sadəcə, Tramp bu alətin maliyyələşməsini dayandırdıqdan sonra ‘dərin dövlət’ onu Avropa İttifaqının büdcəsinə ötürdü.”

Papuaşvili əlavə edib ki, “Azadlıq radiosu”nun jurnalisti Riçard Yozvyak Avropa Komissiyasının dəhlizlərindən “möcüzəvi şəkildə” eksklüziv məlumatlar alır, çünki bu media orqanı Qərbin siyasi məqsədlərinə xidmət edən vasitədir.

O, Bidzina İvanişvilinin siyahıya daxil edilməsini isə belə şərh edib:

“İvanişvilini İlon Mask, Orban və Argentina prezidentilə eyni sıraya salıblar — bu, onların münasibətini göstərir. Əslində, ‘dərin dövlət’in nəzarət edə bilmədiyi hər kəs onlar üçün qəbuledilməzdir və bu kimi təşkilatlardan təbliğat vasitəsi kimi istifadə olunur. Görünür, o qədər tələsiblər ki, hətta dəqiqləşdirməyə belə vaxt tapmayıblar. Guya İvanişvili siyasətdən gedib, halbuki o, hakim partiyanın fəxri sədridir. Bu da göstərir ki, məqsəd sadəcə onun adını oraya salmaq idi,” – deyə Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın