Ov tüfəngi ilə iki nəfəri güllələyən şəxs saxlanıldı
Kaxeti bölgəsində baş vermiş qətl və qətl cəhdi hadisəsi ilə bağlı 43 yaşlı kişi saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs – 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Z.Z., Sığnaq (Sighnaği) bələdiyyəsində ov tüfəngindən atəş açaraq, qisas niyyətilə iki nəfəri güllələyib. Hadisə nəticəsində onlardan biri ölüb, digəri isə ağır yaralanıb.
İstintaq müəyyən edib ki, hadisə zamanı 1975-ci il təvəllüdlü T.Ğ. aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib, 1984-cü il təvəllüdlü N.K. isə xəstəxanaya yerləşdirilib və onun vəziyyəti ağır olaraq qalır.
Polis əməkdaşları hadisədən qısa müddət sonra keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Z.Z.-ni saxlayıblar. Hadisə zamanı istifadə edilən ov tüfəngi maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11¹⁹-109-cu maddəsinin “k” və “l” bəndləri ilə aparılır. Bu maddələr 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


