Yetkinlik yaşına çatmayan qızın seksual istismarı ilə bağlı bir nəfər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əsas idarəsinin insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə şöbəsi, Baş Prokurorluqla birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 1997-ci il təvəllüdlü L.X.-ni saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
DİN-in yaydığı rəsmi məlumata görə, o, yetkinlik yaşına çatmayan şəxsi cinsi istismara cəlb etmə, fahişəlik üçün yer təmin etmə və fahişəliyə şərait yaratmaqda ittiham olunur. Qeyd edilir ki, bu əmələ görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaq müəyyən edib ki, saxlanılan şəxs əvvəlcədən planlaşdıraraq azyaşlı qızı aldadıb öz nəzarətində olan masaj salonunda işlədib. Belə ki, onun tapşırığı ilə qız salona gələn müştərilərə pul qarşılığında seksual xidmət göstərib. İstintaq materiallarına əsasən, yetkinlik yaşına çatmayan qız qazancının yarısını L.X.-yə verirmiş.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində L.X. şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi (fahişəliyə şərait yaratma), həmin maddənin ikinci hissəsi və 143¹²-ci maddəsi (insan alveri – yetkinlik yaşına çatmayan şəxsin istismarı) ilə cinayət işi açılıb.


