Aİ səfiri: “Təəssüf ki, Gürcüstan bizə yaxınlaşmaq əvəzinə, bizdən uzaqlaşır”
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bəyan edib ki, Gürcüstan rəsmilərinin onun və digər Avropa İttifaqı diplomatlarının ünvanına səsləndirdiyi şəxsi hücumlara baxmayaraq, o, bunları şəxsi səviyyədə qəbul etmir və öz işini ən yaxşı şəkildə yerinə yetirməyə çalışır.
“Bəli, mənə və Avropa İttifaqının digər səfirlərinə qarşı şəxsi hücumlar olur. Amma ən azından öz adımdan deyə bilərəm ki, bunu şəxsi məsələ kimi qəbul etmirəm. Sadəcə çalışıram ki, işimi mümkün qədər yaxşı yerinə yetirim,” – deyə Herçinski bildirib.
Diplomat qeyd edib ki, Aİ-nin qapısı Gürcüstan üçün 2023-cü ilin dekabrından açıqdır, lakin bu müddət ərzində Tbilisi Brüsseldən uzaqlaşmaq yolunu seçib.
“2023-cü ilin dekabrından bəri Gürcüstan Avropa İttifaqına üzvlüyə rəsmi namizəd ölkə statusuna malikdir. Bu qapıdan keçmək Gürcüstan hökumətindən asılıdır. Təəssüf ki, bu tarixi qərardan sonra biz əksini müşahidə edirik – Gürcüstan bizə yaxınlaşmaq əvəzinə, bizdən uzaqlaşır. Bu, çox məyusedicidir,” – deyə səfir vurğulayıb.
Herçinski əlavə edib ki, Aİ-nin Gürcüstanla əlaqələri davam edəcək və Avropa İttifaqı ölkədən getməyi planlaşdırmır:
“Avropa İttifaqına qarşı hücumlar davam edir, hətta artıb da. Bu, çox təəssüf doğurur. Amma biz heç yerə getmirik – buradayıq və qalacağıq. Bizim qapımız Gürcüstan üçün hələ də açıqdır.”


