Keçmiş baş nazir İrakli Qaribaşvili korrupsiya işi üzrə istintaqa ifadə verib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyində ölkənin keçmiş baş naziri İrakli Qaribaşvili dindirilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı agentliyin direktoru Emzar Qağnidze qurumda keçirilən brifinqdə açıqlayıb.
Qağnidzənin sözlərinə görə, Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və uzun illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
DTX-nin məlumatına əsasən, yaxın günlərdə istintaq mövcud və yeni əldə olunmuş sübutlar əsasında Qaribaşvilinin əməlinin hüquqi qiymətləndirilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərar verəcək.
“İctimaiyyətə məlum olduğu kimi, hazırda bir neçə cinayət işi üzrə intensiv və kompleks istintaq aparılır. Bu çərçivədə son günlər bir sıra yüksək vəzifəli keçmiş məmurların və onlarla əlaqəli şəxslərin evlərində axtarışlar həyata keçirilib.
Bu gün isə Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyində keçmiş baş nazir İrakli Qaribaşvili dindirildi. O, istintaqla tam əməkdaşlıq etdi və illər ərzində qanunsuz gəlirlər əldə etdiyini etiraf etdi. Yaxın günlərdə istintaq əlavə sübutlara əsasən onun hərəkətlərinin kvalifikasiyasına və barəsində qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edəcək,” – deyə Emzar Qağnidze bildirib.


