22 
Okt
2025
13:24
305

Əli Əsədov: “Orta Dəhliz canlanıb, ticarət dövriyyəsi 90 faiz artıb”

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçirilən “İpək Yolu Forumu” çərçivəsindəki panel müzakirəsində çıxış edərək bildirib ki, iki il əvvəl bu səhnədə İpək Yolu və Orta Dəhliz barədə aparılan müzakirələr bu gün artıq reallığa çevrilib.

Əsədovun sözlərinə görə, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması Orta Dəhlizin inkişafı üçün həlledici əhəmiyyət daşıyır:
“Ermənistanın baş naziri də qeyd etdi və forum iştirakçıları da razılaşar ki, 2020-ci ildə – Qarabağ müharibəsindən dərhal sonra Prezident İlham Əliyev sülh sazişinin imzalanmasını təklif etmişdi, lakin o vaxt bu, reallaşmadı. Artıq bu, reallıqdır. Bu ilin avqustunda Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və ABŞ Prezidenti görüşərək tarixi addımlar atdılar və sülh sazişi təşəbbüsü imzalandı. Bu, iki ölkə arasında sülh üçün hazır mexanizmdir və yaxın vaxtlarda onun real nəticələrini görəcəyik.”

Baş nazir əlavə edib ki, son illərdə regionda baş verən proseslər, o cümlədən yüklərin hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması Orta Dəhlizin inkişafına təkan verib:
“Son iki ildə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb. Bu, onun yaşarlılığını və təhlükəsizliyini sübut edir. Marşrutda heç bir maneə yoxdur, mallar sərbəst hərəkət edir. Biz bu dəhlizin müəllifləri və sahibiyik. Bütün ölkələr bu nəqliyyat imkanlarından maksimum fayda götürməlidir. Sözlərlə yox, əməli addımlarla bunu sübut etməliyik. Dəhliz rahat, təhlükəsiz və səmərəli olmalıdır ki, göndərən tərəf də kommersiya əməliyyatlarından qazanc əldə etsin.”

Əli Əsədov bildirib ki, Azərbaycan bu istiqamətdə böyük addımlar atıb və milyonlarla dollar sərmayə qoyub:
“Bizim müasir limanımız var və bu liman Asiyadan Avropaya, Çindən Avropaya daşınan malların xidmətində mühüm rol oynayır. Xəzər dənizi üzərindən tranzit daha operativ həyata keçirilir. Hazırda 11 yeni gəmi tikirik, böyük nəqliyyat potensialımız var. Bu, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə yüklərin həcmini beş dəfə artırıb – 5 milyon tonluq xidmət göstəririk və bu göstərici daha da artacaq.”

Azərbaycanın Baş naziri həmçinin Orta Dəhlizdə yeni marşrutların formalaşdığını vurğulayıb:
“Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında yeni əlaqədir. Yeni yollar – yeni tranzit deməkdir. Daha çox mal yaradıldıqca nəqliyyat imkanları da genişlənəcək. Məhz buna görə biz infrastrukturumuzu inkişaf etdirir və genişləndiririk. Mərkəzi Asiya və Çindən gələn yüklər artıq Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Qərbə yönəlir. Bu, böyük potensial və yüksək tələbat deməkdir.”

Əsədov qeyd edib ki, Azərbaycan təbii qaz və neftlə yanaşı, gələcəkdə yaşıl enerji sahəsində də regional liderliyə iddialıdır:
“Biz qlobal miqyasda həyata keçirilən günəş və külək enerjisi layihələrinə qoşuluruq. Addım-addım bu istiqamətdə irəliləyirik və ambisiyalarımız artır. Bu, yalnız enerji məsələsi deyil, həm də mühüm strateji istiqamətdir. Azərbaycan, Gürcüstan, Qara dəniz və digər ölkələr birlikdə Orta Dəhlizi real iqtisadi layihəyə çevirəcək. Bizim konkret hesablamalarımız və planlarımız var və gələcək forumlarda bu mövzu ətrafında daha geniş müzakirələr aparılacaq.” – deyə Əli Əsədov qeyd edib.

Bizimlə əlaqə saxlayın