22 
Okt
2025
12:52
174

Tbilisidə “İpək Yolu Forumu”nun beşinci sessiyası açıldı

Tbilisidə yerləşən Opera və Balet Teatrında “İpək Yolu Forumu”nun beşinci sessiyası açılıb. Forum Gürcüstanın baş naziri İrakli Kobaxidzenin himayəsi altında 22–23 oktyabr tarixlərində keçirilir və tədbirdə yüksək səviyyəli siyasətçilər, beynəlxalq təşkilatların və biznes sektorunun nümayəndələri iştirak edirlər.

Açılış paneli – “Yüksək səviyyəli dialoq” – Gürcüstanın baş naziri İrakli Kobaxidze, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədovun iştirakı ilə keçirilir.

“Tbilisi İpək Yolu Forumu” 2015-ci ildən etibarən iki ildən bir təşkil olunur və bu müddət ərzində müxtəlif ölkələrin hökumətləri, beynəlxalq təşkilatlar və biznes nümayəndələri arasında dialoq üçün nüfuzlu beynəlxalq platformaya çevrilib.

Bu il forumda 70-dən çox ölkədən 2300-dən artıq nümayəndə iştirak edir. Tədbirdə region ölkələrinin baş nazirləri və vitse-nazirləri, digər dövlətlərin sahə nazirləri, aparıcı qlobal şirkətlərin rəhbərləri, beynəlxalq ekspertlər, diplomatik korpusun və beynəlxalq təşkilatların – o cümlədən BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (BİSEK) nümayəndələri iştirak edirlər.

Forum Asiya və Avropa arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi üçün mühüm platforma sayılır. Müzakirələrdə beynəlxalq ticarət-iqtisadi münasibətlər, Avropa və Asiya arasında nəqliyyat-logistika əlaqələrinin, xüsusilə Orta Dəhliz marşrutunun inkişafı, həmçinin müxtəlif sahələr üzrə yeni proqram və layihələr diqqət mərkəzində olacaq.

Bu il forumun əsas mövzusu və şüarıdır: “Invest in Connectivity – Grow in Stability” (“Əlaqələrə sərmayə qoy, sabitlikdə inkişaf et”).

22 oktyabrda forum çərçivəsində beynəlxalq ticarət, Orta Dəhliz, enerji, investisiyalar, innovasiyalar və texnologiyalar mövzularında yeddi panel müzakirəsi keçiriləcək. 23 oktyabrda isə Tbilisi Maliyyə Sammiti baş tutacaq.

Əsas sessiyalardan əlavə, iki gün ərzində paralel tədbirlər və ikitərəfli biznes görüşləri də keçiriləcək. Müzakirələrin diqqət mərkəzində Anakliya dərin dəniz limanı, eləcə də Qara dəniz üzərindən keçəcək enerji və rəqəmsal kabel layihələri olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər