Şalva Papuaşvili: “Qaxaria Gürcüstan üçün” partiyasının parlamentdə iştirakı maraqlı olacaq, çünki birbaşa xaricdən gələn tapşırıqları eşidəcəyik
“Qaxaria Gürcüstan üçün” partiyasının üzvlərinin parlamentdə iştirakı maraqlı olacaq, çünki biz birbaşa xaricdən diktə edilən mesajları eşidəcəyik, Gürcüstana qarşı hansı tapşırıqların gəldiyini açıq şəkildə görəcəyik.”
InterPress.ge xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Papuaşvilinin sözlərinə görə, əgər partiyanın deputatları parlamentdə iştirak etməyə başlasalar, bu, “bir illik xəyanət dövrünün məntiqi sonu” olacaq.
“26 oktyabr yaxınlaşır və biz ölkəyə qarşı törədilən bir illik xəyanət tarixini yekunlaşdıracağıq — bu xəyanəti bir neçə radikal qrup və QHT törətdi. Məncə, bu birillik xəyanət dövrünün məntiqi nəticəsi olacaq, əgər biz Qaxaria partiyasının nümayəndələrini parlamentdə görsək.
Keçən il 26 oktyabra qədər xaricilər seçki kampaniyalarında iştirak edirdilər — səfirlər, Brüssel, müxtəlif paytaxtlardan gələn nazirlər burada mitinqlər keçirirdilər. Onlar seçki prosesinə müdaxilə etdilər, beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə, Vyana konvensiyasına qarşı çıxdılar. Gürcü xalqına dedilər ki, qanun və ədalət sadəcə farsdır. Onların əsas məqsədi öz marionetlərini Gürcüstan hakimiyyətinə gətirmək idi ki, sonra həmin marionetlər onların tapşırıqlarını sözsüz yerinə yetirsinlər.”
Parlament sədri əlavə edib ki, bu “xaricdən diktə olunan plan” nəticəsində bəzi partiyalar mandatlarından imtina ediblər və “hakimiyyətin devrilməsinə və inqilaba hazırlıq prosesinə” girişiblər. Onun sözlərinə görə, bu plan da uğursuz olub.
“Qaxaria partiyası mandatlarını saxladı, amma bir ildir parlament iclaslarına qatılmır. İndi onların qərarıdır — bu boykotu davam etdirəcəklər, ya dayandıracaqlar. Parlament isə onların iştirakı ilə də, iştirakı olmadan da fəaliyyətini davam etdirəcək.
Maraqlı olacaq, çünki biz birbaşa eşidəcəyik, xaricdən hansı mesajlar və göstərişlər gəlir. Əmin olun ki, bu 12 nəfərin dediyi hər bir söz – xaricdən gələn tapşırıq olacaq. Beləliklə, onların parlamentdə olması bu baxımdan çox ‘maraqlı təcrübə’ olacaq,” – deyə Şalva Papuaşvili bildirib.


