Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasında Gürcüstan məsələsi də müzakirə olunacaq
Bu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər Şurasının iclası keçiriləcək və iclasın gündəliyinə Gürcüstandakı vəziyyət də daxil edilib.
Avropa İttifaqının rəsmi saytında yayılan məlumata görə, iclasda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstandakı son hadisələr, o cümlədən 2025-ci il 4 oktyabrda keçirilmiş bələdiyyə seçkiləri və demokratik geriləmə ilə bağlı nazirlərə məlumat təqdim edəcək.
“Ali nümayəndə Gürcüstandakı vəziyyət barədə danışacaq və nazirlərə son hadisələr, o cümlədən 2025-ci il 4 oktyabrda keçirilən bələdiyyə seçkiləri və demokratik geriləmə haqqında məlumat verəcək,” – deyə Aİ-nin məlumatında qeyd olunur.
Bundan əlavə, Şura iclasında Rusiyanın Ukraynaya qarşı təcavüzü, Aİ-nin Hind–Sakit okean regionu ilə əlaqələri və Yaxın Şərqdəki gərginliklər barədə fikir mübadiləsi aparılacaq.
Cari beynəlxalq proseslər çərçivəsində nazirlərə Gürcüstan, Moldova və Sudan məsələlərinə dair da əlavə məlumat təqdim olunacaq.
Xarici İşlər Şurasının iclası Tbilisi vaxtı ilə saat 11:15-də başlayacaq və ona Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas sədrlik edəcək.


