16 
Okt
2025
18:24
821

Seyid Mirtağı Əsədovdan Baş Nazirə sərt reaksiya: “Məhəmməd” adı böhran deyil – nur, bərəkət və rəhmətdir

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov Gürcüstan Baş Naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Seyid Mirtağı Əsədovun sözlərinə görə, Baş Nazirin açıqlaması cəmiyyətdə, xüsusilə də Gürcüstanda yaşayan müsəlman icmaları arasında ciddi narahatlıq yaradıb.

O bildirib ki, bu cür bəyanatlar İslam dininə və onu təmsil edən milyonlarla insanın inancına qarşı hörmətsizlik kimi qəbul olunur:

“Bu sözlərlə cənab Baş Nazir nə demək istəyir? İslamı təhqir etmək, Məhəmməd adını daşıyan insanlara qarşı nifrət yaratmaq, yoxsa bu adı ‘böhran’ kimi təqdim etməklə hansı məqsədi güdür?”

Seyid Mirtağı Əsədov qeyd edib ki, əgər hökumətin Avropa ölkələri ilə münasibətlərində siyasi və ya ideoloji gərginlik mövcuddursa, bunu İslamın müqəddəs dəyərləri üzərindən aparmaq düzgün deyil.

“Belə yanaşmalar cəmiyyətin dini və milli birliyinə zərbə vurur, milyonlarla müsəlmanın duyğularına toxunur,” – deyə o bildirib.

Dini rəhbər vurğulayıb ki, Gürcüstanda yüz minlərlə müsəlman yaşayır və “Məhəmməd”, “Əli” kimi adlar bu xalqın ən çox sevdiyi, hörmət etdiyi adlardandır.

“Heç kim insanların övladlarına hansı adı verməsinə müdaxilə edə bilməz – bu, onların təbii hüququ və şəxsi seçimidir,” – deyə Əsədov əlavə edib.

O həmçinin Baş Nazirə müraciət edərək bildirib ki, hökumət diqqətini ölkənin real problemlərinə yönəltməlidir:

“Cənab Baş Nazir, iqtisadi çətinliklər, sosial ədalətsizliklər, bölgələr arasında bərabərsizlik və gənclərin gələcək narahatlıqları kimi məsələlər var. Dövlət diqqətini bunlara yönəltməli, insanların dini və mənəvi dəyərlərini müzakirə obyektinə çevirməməlidir.”

Əsədovun sözlərinə görə, “Məhəmməd” adı böhran deyil, əksinə, nur, bərəkət və rəhmətin simvoludur:

“Bu ad Allahın bəşəriyyətə göndərdiyi hidayəti, mərhəməti və məğfirəti təcəssüm etdirir.”

Sonda Seyid Mirtağı Əsədov bütün Gürcüstan vətəndaşlarını dini inancından və etnik mənsubiyyətindən asılı olmayaraq birliyə və qarşılıqlı hörmətə çağırıb:

“Baş Nazir də öz çıxışlarında bu dəyərləri qoruyaraq, dövlətin hər bir vətəndaşına bərabər münasibət göstərməlidir.”

Bizimlə əlaqə saxlayın