27 
Sen
2025
19:27
604

27 Sentyabr – Anım Günü kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür

Bu gün Azərbaycanın ən yeni tarixində xüsusi yerə malik olan 27 Sentyabr – Anım Günü təkcə Azərbaycanda deyil, dünyanın 100-ə yaxın ölkəsində qeyd olunur. Ona görə ki, bu gün bütün xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyi gündür. Bu gün kədər və qəmin, şərəf və qürurun rəmzidir. 

Hamıya məlumdur ki, onilliklər boyu Ermənistan rəhbərliyi uydurma tarixi miflərə və xarici havadarlarının dəstəyinə söykənən işğalçı, aqressiv siyasət yürüdüb. Bu illər ərzində yüz minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin salınmış, on minlərlə soydaşımız etnik təmizləmələrə və soyqırımlarına məruz qalmışdır. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu. 

Bütün arı-acılara baxmayaraq daim sülhsevər siyasət yürüdən Azərbaycan daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Lakin uzun illər ərzində aparılan danışıqlar prosesi faktiki olaraq işğalın davam etməsinə və ört-basdır edilməsinə xidmət etmişdir. ATƏT-in Minsk qrupu BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrinin icrasına nail ola bilmədi. Ermənistanın təcavüzkar siyasəti və hərbi təxribatları nəticəsində Azərbaycan öz suveren hüquqlarını müdafiə etmək üçün cavab addımları atmağa məcbur qaldı və 2020-ci il sentyabrın 27-də təkcə Azərbaycan tarixində deyil, dünya hərb tarixində yeni bir səhifə açdı. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks hücum əməliyyatlarına başladı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz hərbi peşəkarlıq, yüksək döyüş ruhu və sarsılmaz iradə nümayiş etdirdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi nticəsində Azərbaycan ordusu misli görünməmiş parlaq qələbə qazandı. Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və yüzlərlə kənd və qəsəbə işğaldan azad edildi. Bu Qələbə yalnız hərbi deyil, həm də siyasi əhəmiyyət daşıyırdı. Strateji ərazilərin azad olunmasından sonra Azərbaycan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, sülh yolu ilə geri qaytardı. Beləliklə, ədalət bərpa olundu, işğalda olan torpaqlarımızın böyük hissəsi qanuni sahibinə qayıtdı.

Fəxrlə deyə bilərik ki, bu gün biz qalib xalq kimi yaşayırıq. Lakin hər bir uğurumuz minlərlə qəhrəman oğul və qızımızın canı bahasına qazanılıb. Onların adları Azərbaycanın şanlı tarixinin qızıl səhifələrinə həkk olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 27 sentyabr Anım Günü elan edildi. Bakıda Zəfər Parkı və Memorial Kompleks yaradıldı. Bu müqəddəs məkanlar xalqımızın qəhrəmanlığının, qətiyyətinin və sarsılmaz iradəsinin əbədi rəmzinə çevriləcək.

Bu gün Azərbaycan azad edilmiş torpaqlarda yeni həyat qurur, Qarabağı və Şərqi Zəngəzuru inkişaf, mədəniyyət və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirir. Açılan hər bir məktəb, çəkilən yol və istifadəyə verilən hər bir hava limanı şəhidlərimizin müqəddəs işinin davamı, dövlətimizin gücünün və böyüklüyünün bariz nümunəsidir.

Bu gün qətiyyətlə, qürur və fəxrlə deyirik: 27 Sentyabr kədərin qürurla, xatirənin inamla, keçmişin gələcəklə birləşdiyi gündür. Bu gün biz bir daha təsdiqləyirik: qəhrəmanlarımızın qanı yerdə qalmadı. Azərbaycan bu gün möhkəm sülhə, sabitliyə və qüdrətə sahibdir. 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Bizimlə əlaqə saxlayın