Gürcüstan cinayətə nəzarət indeksində dünyada neçənci yerdədir?
Avrokomissiyanın Dünya Ədalət Layihəsinin qanunun aliliyi üzrə apardığı tədqiqat çərçivəsində açıqlanan cinayətə nəzarət indeksinə görə, Gürcüstan 100 faizli qiymətləndirmə sistemində 92% nəticə əldə edib və dünyada 17-ci pillədə qərarlaşıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı "Gürcü Arzusu" partiyası yayıb.
Hakim partiyanın məlumatına əsasən, cinayətə nəzarətin effektivliyi baxımından Gürcüstan "Böyük yeddilik" ölkələrindən Yaponiyadan başqa 6-sını, həmçinin Avropa İttifaqı və NATO-ya üzv olan 24 dövləti qabaqlayıb. Həmin ölkələr sırasına ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, İrlandiya, Niderland, Çexiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Albaniya, Slovakiya, Bolqarıstan, Malta, Belçika, Kipr, Türkiyə, Yunanıstan və Şimali Makedoniya daxildir.
Məlumata görə, cinayətə nəzarətin effektivliyinə görə dünyada Sinqapur, Avropada isə Norveç liderdir. Ən ağır vəziyyət isə Meksika və Venesuelada qeydə alınıb.
Avrokomissiyanın açıqlamasına görə, sözügedən göstərici ölkələrdə cinayətlərin yayılma səviyyəsini, eləcə də insanların təhlükəsizlik və müdafiə barədə ümumi qavrayışını ölçür. Araşdırmanı ABŞ-da yerləşən Dünya Ədalət Layihəsi həyata keçirib.


