Maya Kopaleişvili: “Siyasi partiyanın qadağan edilməsi seçicilərin hüquqlarının məhdudlaşdırılması deməkdir”
“Siyasi partiyanın qadağan edilməsi əsas hüquqların, o cümlədən seçicilərin hüquqlarının məhdudlaşdırılması ilə də bağlıdır. Konstitusiya Məhkəməsi partiyanı qadağan edərsə, seçicilərin dəstəklədiyi siyasi qüvvə siyasi meydandan yox olacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə “Dəyişikliklər Koalisiyası”nın nümayəndələrindən biri Maya Kopaleişvili Gürcüstan Konstitusiya Məhkəməsində keçirilən iclasda bildirib. O, “Gürcü Arzusu”nun beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı iddiasının təmin edilməməsinin səbəblərini plenumun diqqətinə çatdırıb.
Kopaleişvilinin sözlərinə görə, “Gürcü Arzusu”nun iddiasının faktiki əsasını, demək olar ki, tamamilə parlamentin müvəqqəti istintaq komissiyasının rəyi təşkil edir. Onun iddiasına əsasən, komissiya Konstitusiyanın 42-ci maddəsinin ikinci bəndinin pozulması ilə yaradılıb, müxalifətin iştirakı olmadan formalaşdırılıb və onun müəllifləri elə iddianı təqdim edən tərəfin özüdür.
“Konstitusiyanın 31-ci maddəsinin 10-cu bəndinə əsasən, bu material qanun pozuntusu ilə əldə edilmiş sübutdur. Bundan əlavə, həmin material iddiaçının öz bəyanatıdır, sübut deyil. Cinayət törədildiyini ehtiva edən faktlar yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər. Belə hökm isə cavabdehlərin heç biri barəsində mövcud deyil.
İddiada cavabdehə aid edilə biləcək və partiyanın qadağan olunması üçün konstitusion əsas yaradan heç bir konkret hərəkət əsaslandırılmayıb. Cavabdehə başqalarının hərəkətləri kollektiv şəkildə aid edilir, iki liderin bioqrafiyasına, bir bəyanata və konstitusion hüquqdan istifadəyə istinad olunur”, – deyə Maya Kopaleişvili bildirib.
Onun izahına görə, seçkilərin nəticələrini tanımamaq və parlamenti boykot etmək Avropa standartları ilə qorunan siyasi fəaliyyət formalarıdır. Deputat mandatından imtina etmək isə Konstitusiyanın 39-cu maddəsində nəzərdə tutulan hüquqdan istifadədir.
“Heç bir demokratik dövlətdə bu cür hərəkətlər partiyanın qadağan edilməsi üçün əsas yaratmır. Gürcüstanda isə 2008-ci ildə eyni addımları sonradan iddiaçı siyasi qüvvənin vəzifəli şəxslərinə çevrilmiş insanlar atıblar.
İddiaçı siyasi qüvvənin – ‘Gürcü Arzusu’nun özünün müqayisə üçün istinad etdiyi Moldova, Ukrayna və Almaniya nümunələri bunun əksini göstərir. Həmin ölkələrdə qadağalar zorakılığa, xarici dövlətə – Rusiya Federasiyasına tabeçiliyə və təcavüzün dəstəklənməsinə əsaslanıb. Orada təcavüzkarı dəstəkləyən və ya totalitar platformalar qadağan edilib. Söhbət konstitusiyaya zidd hesab edilən, lakin real təsir imkanları olmayan partiyalardan getmirdi. Burada isə iddiaçı qərbyönümlü partiyaların qadağan edilməsini tələb edir”, – deyə Kopaleişvili qeyd edib.
Kopaleişvilinin sözlərinə görə, iddianın 2006–2008-ci illəri əhatə edən hissəsi Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə ümumiyyətlə daxil deyil. Bundan əlavə, həmin dövrdəki hərəkətləri cavabdehlərə heç bir formada aid etmək mümkün deyil.
O, həmçinin bildirib ki, iddiada konkret fərdi nəticələrin əldə olunması tələb edilməsə də, onun təmin edilməsi “Pandora qutusunu açır”.


