28 
Okt
2026
12:26
71

Davit Matikaşvili: “Gürcü xalqının seçimini tapdalayırlarsa, bu 38 milyon avro kimlər üçün nəzərdə tutulub?!”

“Ölkənin cəmiyyətə və hakimiyyətə bölünməsi Gürcüstan-Avropa İttifaqı münasibətləri üçün tamamilə əks nəticə verən yanaşmadır. Gürcü xalqının seçimini tapdalayırlarsa, bu vəsait kimlər üçün nəzərdə tutulub?!”

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosessual məsələlər və qaydalar komitəsinin sədri Davit Matikaşvili Avropa İttifaqının Gürcüstan əhalisi üçün ayırdığı 38 milyon avroluq yardım barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, Avropa bürokratiyasının nümayiş etdirdiyi yanaşma qeyri-səmimi və yetişməmiş siyasətin nəticəsidir.

“Avropa bürokratları Gürcüstan əhalisinin yarısının seçimini tanımırlar. Buradan hansı nəticəyə gəlməliyik?! Gürcü xalqının seçimini tapdalayırlarsa, bu vəsait kimlər üçün nəzərdə tutulub?! Bu, Avropa bürokratiyasının mövcud siyasi reallıqdan tamamilə uzaq düşdüyünün daha bir açıq sübutudur. Onlar inadla ölkəmizdən və cəmiyyətimizdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Əslində, cəmiyyətimizin nə düşündüyü onları heç maraqlandırmır”, – deyə Matikaşvili bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Gürcüstan üçün 38 milyon avro məbləğində yardım ayırıb. Aİ-nin Gürcüstandakı nümayəndəliyindən bildirilib ki, vəsait ölkədəki ailələrə və yerli icmalara əhəmiyyətli fayda verəcək layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Aİ nümayəndəliyinin məlumatına görə, yardım paketinin əsas istiqamətlərindən biri fermerlərin, kənd sakinlərinin, kiçik və orta bizneslərin dəstəklənməsidir. Qadınların idarə etdiyi bizneslərə və fermer təsərrüfatlarına xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, ölkə üzrə qəsəbə və kiçik şəhərlərdə peşə bacarıqlarının inkişafına və yeni imkanların yaradılmasına dəstək veriləcək. Gürcüstana qayıdaraq burada yenidən məskunlaşmaq istəyən insanlara, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadın və qızlara yardım göstəriləcək.

Bizimlə əlaqə saxlayın