28 
Okt
2026
11:16
75

Toy günü bəyin qardaşını öldürən şəxs saxlanıldı

Tbilisidə, Lisi kəndində yerləşən restoranlardan birinin yaxınlığında gənc kişini soyuq silahla öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il oktyabrın 27-də Lisi kəndində yerləşən restoranlardan birinin yaxınlığında mübahisə zamanı gənc kişinin döş qəfəsinə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı kişi tibb müəssisəsinə aparıldıqdan qısa müddət sonra vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəli şəxsi hadisənin isti izləri ilə Kaxeti bölgəsinin Siğnaği rayonunda saxlayıblar.

Polis cinayətin törədilməsində istifadə olunan aləti maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın