Gürcüstanda məktəblərin ətrafında sürət həddi ilə bağlı qayda sərtləşdiriləcək
Gürcüstanda məktəblərin ətrafındakı ərazilərdə yol hərəkəti qaydaları sərtləşdiriləcək. Xüsusi nişanlarla müəyyən edilən məktəb zonalarında nəqliyyat vasitələrinin saatda 30 kilometrdən artıq sürətlə hərəkət etməsi qadağan olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasının fəaliyyət planında qeyd olunub.
“Yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı mövcud çağırışlara cavab olaraq, Gürcüstanda məktəb ətrafı zonaların müvafiq qaydada tənzimlənməsi istiqamətində işlərə başlanılacaq. Xüsusilə, Gürcüstan qanunvericiliyində ‘məktəb zonası’ anlayışının müəyyən edilməsi, həmin zonalarda nəqliyyat vasitələrinin maksimal hərəkət sürətinin saatda 30 kilometr olaraq müəyyənləşdirilməsi və sürət həddinin aşılması ilə bağlı hazırda qüvvədə olan 15 km/saatlıq tolerantlığın məktəb zonalarına tətbiqinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
Bu qanunvericilik dəyişiklikləri məktəb zonalarında nəqliyyat vasitələrinin orta hərəkət sürətinin azalmasına və yetkinlik yaşına çatmayanların təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına kömək edəcək. Həmçinin, ‘məktəb zonası’ anlayışı müəyyən edilənədək Gürcüstanda fəaliyyət göstərən bütün dövlət məktəblərinin ətrafındakı infrastrukturun Yol Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın hazırladığı tövsiyələrə uyğunluğu qiymətləndiriləcək.
Yol infrastrukturu istiqamətində məktəb zonalarında və onlara bitişik ərazilərdə piyadaların təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş kompleks infrastruktur tədbirlərinin həyata keçirilməsi üzrə işlər davam etdiriləcək”, - deyə 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında bildirilib.


