İrakli Kobaxidze: “Keçmiş baş nazirin müəyyən bir qaranlıq qəzetin bloqçusu səviyyəsinə enməsi çox təəssüfverici və faciəli hadisədir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabiq Baş nazir İrakli Qaribaşvilinin Lazare Corbenadzenin ölümü ilə bağlı suallar qaldırdığı son məktubuna münasibət bildirib.
InterPress.ge xəbər verir ki, İrakli Kobaxidzenin sözlərinə görə, sələfinin məktubları qeyri-ciddidir.
“Bu məktublarla bağlı verə biləcəyim yeganə şərh ondan ibarətdir ki, bu, sadəcə gülməli və faciəlidir. Sadə etik mülahizələrə görə daha dərinə getməyəcəyəm. Bu şəxs məndən əvvəl həmin vəzifəni – Baş nazir vəzifəsini tuturdu. Bu amil məni həmin məktublarla bağlı daha dərin şərh verməkdən çəkindirir. İkincisi, bu məktubların məzmunu o qədər qeyri-ciddidir ki, bu da mənə onlar barədə ciddi şərh verməyə imkan vermir”, - deyə Kobaxidze bildirib.
“Yalan kampaniyasının” arxasında kimin dayandığı ilə bağlı suala cavab verən Baş nazir bunun gizli olmadığını bildirib.
“Fakt budur ki, bu cür məlumatları, bu cür yalanları yayanlar onun arxasında dayanırlar. Bu, gizli də deyil, asanlıqla aşkar olunur. Elə qüvvələr var ki, onların reputasiyası heç də yaxşı deyil. Keçmiş baş nazirin müəyyən bir qaranlıq qəzetin bloqçusu səviyyəsinə enməsi çox təəssüfverici və faciəli hadisədir”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayımlayıb. O, məktubunda “Hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümünün əsl səbəbi nə olub?” sualını verib.
Qaribaşvili, həmçinin, cəmiyyətdə “Kobaxidze-Mdinaradze hakimiyyəti dövründə baş vermiş bir sıra şəxslərin intihar faktları ilə bağlı bu günədək cavabsız sualların qaldığını” bildirib.


