Gürcüstana beynəlxalq səfərlərin sayı 2026-cı ilin III rübündə 3,3% artıb
2026-cı ilin III rübündə Gürcüstana beynəlxalq səfərlərin sayı illik müqayisədə 3,3% artaraq 2,6 milyon təşkil edib. Bu barədə “Galt & Taggart” şirkətinin turizm sektoruna dair son araşdırmasında məlumat verilib.
InterPress.ge xəbər verir ki, araşdırmaya əsasən, bu göstəriciyə həm turistik, həm də birgünlük səfərlər daxildir. Turistik səfərlərin sayı rekord həddə — 2,1 milyona çatıb. Bu, illik müqayisədə 4,7% artım deməkdir. Birgünlük səfərlərin sayı isə 2,8% azalaraq 0,5 milyon təşkil edib.
Araşdırmada bildirilir ki, artım əsasən Avropa İttifaqı ölkələrindən (+16,6%), Rusiyadan (+4,7%) və Azərbaycandan (+36,2%) səfərlərin çoxalması hesabına baş verib.
“Azərbaycandan səfərlərin artımı may ayında Bakı–Tbilisi sərnişin dəmir yolu əlaqəsinin bərpasından sonra sürətlənib. İsraildən səfərlərin sayı illik müqayisədə 19,1% artıb. Bu, İranla bağlı münaqişə nəticəsində yaranan turizm məhdudiyyətlərinin azalması və təxirə salınmış səyahət tələbinin reallaşması ilə əlaqələndirilir”, – deyə araşdırmada qeyd olunub.
Araşdırmaya görə, Çindən səfərlərdə də əhəmiyyətli artım qeydə alınıb. Bu ölkədən səfərlərin sayı illik müqayisədə 30,2% artıb. Artıma hava nəqliyyatı əlaqələrinin yaxşılaşması, o cümlədən iyul ayında Şanxay–Tbilisi birbaşa uçuşlarının başlanması təsir göstərib.
Bununla yanaşı, Türkiyədən səfərlərin sayı 7,4%, Ermənistandan 4%, Hindistandan isə 25,9% azalıb.
Araşdırmada bildirilir ki, Türkiyədən səfərlərin azalması əsasən birgünlük səfərlərin sayının aşağı düşməsi ilə bağlıdır. Hindistandan səfərlərin azalması isə “IndiGo” aviaşirkətinin uçuşları dayandırması ilə əlaqələndirilir.
“Fars körfəzi ölkələrindən səfərlərdə də zəif dinamika davam edib. O cümlədən Səudiyyə Ərəbistanından səfərlərin sayı illik müqayisədə 32,8% azalıb”, – deyə araşdırmada qeyd olunub.


