İrakli Qaribaşvili növbəti məktubunu yaydı
“Baş verənlər hüquqi proses deyil — bu, amansız siyasi təqibdir. Mən heç kimlə mübarizə aparmıram, arxadan mənə bıçaq vuran siz oldunuz”.
InterPress.ge xəbər verir ki, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından növbəti məktubunu yayıb və hakimiyyəti “iyrənc və faciəvi maskarad”da ittiham edib.
Sabiq baş nazir son məktublarından birinin yayımlanmasından sonra başlanılan və çərçivəsində müxalif siyasətçilərin də dindirildiyi istintaqı qeyri-ciddi adlandırıb.
Qaribaşvili hakimiyyətə müraciət edərək “gülünc və aciz” üsullarla “boş yerə əziyyət çəkməməyi” tövsiyə edib. Onun sözlərinə görə, “su ilə yağ bir-birinə qarışmadığı kimi”, onunla “Vahid Milli Hərəkat”ın əlaqələndirilməsi də mümkün deyil.
Sabiq baş nazir məktubunda onunla bağlı yayılan məlumatlara ironik yanaşaraq yazıb ki, guya o, “Deep State”in və Fransanın agentidir. Qaribaşvili qeyd edib ki, başqa xarici dilləri bilmədiyi üçün “bəxti gətirib”, əks halda, yəqin ki, onu digər ölkələrin də “agent”i elan edərdilər.
Qaribaşvili məktubunda yenidən keçmiş silahdaşlarına müraciət edərək bildirib ki, heç kimlə mübarizə aparmır və arxadan ona bıçaq vuran məhz onlar olub.
“Hazırda hakimiyyətin panik reaksiyası və tamamilə qeyri-adekvat davranışı sistemin tam ifşasına səbəb oldu. Cəmiyyət hakimiyyətin növbəti gülünc, eyni zamanda isə tamamilə iyrənc və faciəvi maskaradının şahidi oldu.
Hakimiyyət konkret faktlar və ortaya qoyulan suallarla bağlı vaxtında və şəffaf izahatlar vermək əvəzinə, qeyri-ciddi dindirmələr silsiləsini həyata keçirdi. Bunun əsas məqsədlərindən biri məni ‘Vahid Milli Hərəkat’la əlaqələndirmək və prosesi sanki bütün bunların əvvəlcədən planlaşdırılmış və radikal müxalifətlə koordinasiyalı fəaliyyətin nəticəsi kimi təqdim etmək idi.
Həmçinin bu günlərdə öyrəndim ki, guya ‘Deep State’in agenti, eyni zamanda Fransanın agentiyəm. Başqa xarici dilləri bilmədiyim üçün ‘bəxtim gətirib’, əks halda, yəqin ki, məni başqa ölkələrin də ‘agent’i elan edərdilər...
Hakimiyyətə bu gülünc və aciz təbliğat üsulu ilə bağlı demək istəyirəm: boş yerə əziyyət çəkməyin! Su ilə yağ bir-birinə qarışmadığı kimi, məni ‘Vahid Milli Hərəkat’la əlaqələndirmək də mümkün deyil!
Cəmiyyətə xatırlatmaq istəyirəm ki, öyrəndiyimə görə, Lazare Corbenadzenin intihara sövq edilməsi işi üzrə istintaq təxminən beş aydır davam edir. Lakin bütün bu müddət ərzində ictimai şəkildə suallar verən şəxslər və jurnalistlər bu günədək dindirilməyib. Əvəzində, məktubum yayımlanan kimi, dərhal məktubuma ictimai şəkildə münasibət bildirən bütün şəxslərin dindirilməsinə başlanıldı.
Mənə qarşı bu çirkin siyasi oyunlara son qoyun! Xalq İrakli Qaribaşvilinin kim olduğunu bilir və cəmiyyətimiz mənim sözümü sizin sözünüzdən çox yaxşı ayırd edir. Xalq həmçinin yaxşı bilir ki, mən nə Qərbə, nə Şərqə, nə Şimala, nə də Cənuba xidmət edirəm. Mən Gürcüstana xidmət edirəm!
Son günlər simasını itirmiş bir çox insanın ləyaqətsiz, yalançı və riyakar bəyanatlarını və şərhlərini eşitdim. Ola bilsin ki, onlar mənim cavab verəcəyimi gözləyirlər, amma demək istəyirəm ki, onlar hətta məndən cavab almağa belə layiq deyillər. Yalnız Şalva Papuaşviliyə cavab vermək istəyirəm: Şalva, bu, hüquqi proses deyil — bu, amansız siyasi təqibdir!
Burada bir daha hamınıza xatırladıram: mən heç kimlə mübarizə aparmıram — arxadan mənə bıçaq vuran siz oldunuz... İndi isə mən bu ədalətsizlik və qəddarlıqdan özümü və ailəmi müdafiə etməyə məcburam”, - Qaribaşvili yazıb.


