Gürcüstanda hərbi xidmətə çağırış qaydası dəyişdirilib
Gürcüstan hökumətinin qərarı ilə hərbi xidmətə çağırış və hərbi qeydiyyata alınma ilə bağlı qaydalara dəyişiklik edilib.
InterPress.ge xəbər verir ki, hökumətin qərarına əsasən, şəxs hərbi qeydiyyata alınması ilə bağlı bildiriş və ya çağırış vərəqəsini qəbul etmədikdə, həmin sənəd Agentliyin rəsmi internet səhifəsində dərc ediləcək və bundan sonra rəsmi şəkildə təqdim edilmiş hesab olunacaq.
Sənədə əsasən, şəxs hərbi qeydiyyata alınması ilə bağlı bildirişin və ya çağırış vərəqəsinin rəsmi şəkildə təqdim edilməsindən sonra 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə müraciət etməlidir.
Bildiriş və ya çağırış vərəqəsinin təqdim edilməsi mümkün olmadıqda isə Agentlik çağırışla bağlı bildirişi və ya sənədi öz rəsmi internet səhifəsində ən geci 2-ci iş günündə dərc edir. Sənəd dərc edildikdən sonra 7-ci təqvim günündə təqdim edilmiş hesab olunur.
Qaydaların yeni tələblərinə əsasən, şəxs bildiriş və ya çağırış vərəqəsini qəbul etməkdən imtina edərsə, sənəddə bununla bağlı müvafiq qeyd aparılır və sənəd Agentliyə qaytarılır. Bu halda da bildiriş və ya çağırış vərəqəsi təqdim edilmiş hesab olunur.
Həmçinin çağırışçının ailəsinin yetkinlik yaşına çatmış üzvü bildirişi və ya çağırış vərəqəsini qəbul edərsə, sənəd təqdim edilmiş sayılır. Ailə üzvü sənədi qəbul etməkdən imtina etdikdə də müvafiq qeyd aparılır və sənəd Agentliyə qaytarılır.
Sənədin təqdim edilməsinin müəyyən edilmiş üsullarla mümkün olmadığı, o cümlədən qısa mesaj və ya elektron poçt vasitəsilə göndərilən bildirişə 2 iş günü ərzində geri dönüş edilmədiyi və ya sənədin poçt vasitəsilə göndərilməsi mümkün olmadığı hallarda, Agentlik çağırışla bağlı bildirişi rəsmi internet səhifəsində ən geci 2-ci iş günündə dərc edir.
Bu halda bildiriş dərc edildikdən 7-ci təqvim günündə rəsmi şəkildə təqdim edilmiş hesab olunur və şəxs həmin tarixdən etibarən 10 təqvim günü ərzində Agentliyin müvafiq struktur bölməsinə getməlidir.


