Ankarada NATO sammiti öncəsi etiraz aksiyası – 100-dən çox nümayişçi saxlanılıb
Türkiyənin paytaxtı Ankarada NATO sammiti başlamazdan əvvəl alyansa üzv ölkələrin liderlərinin toplantısına qarşı etiraz aksiyası keçirilib. Aksiya zamanı 100-dən çox fəal saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, etiraz aksiyası Türkiyə Kommunist Partiyası (TKP) tərəfindən təşkil olunub.
Bildirilir ki, aksiyalar həm Ankarada, həm də İstanbulda keçirilib. Etirazçılar Türkiyədə NATO sammitinin keçirilməsinə etiraz edib və alyansı "qatil" adlandırıblar.
Ankarada hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. İstanbulda keçirilən aksiya isə nisbətən dinc şəraitdə baş tutub.
Qeyd edək ki, 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində alyansa üzv 32 ölkənin lideri iştirak edəcək.
Sammit ərəfəsində Türkiyə hakimiyyəti paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib, nümayişlərin keçirilməsini qadağan edib və şəhərin bir çox hissəsində barrikadalar qurub.


