Marneulidə məktəbli yoldaşından hədə-qorxu ilə pul və qızıl alan azyaşlı saxlanılıb
Marneulidə məktəbli yoldaşından sistematik şəkildə pul və qiymətli zinət əşyaları tələb etməkdə təqsirləndirilən azyaşlı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə ittihamı ilə azyaşlı şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən məktəb yoldaşını qorxutmaq və fiziki zorakılıqla hədələməklə ondan mütəmadi olaraq pul və qiymətli əşyalar tələb edib.
Araşdırma zamanı məlum olub ki, zərərçəkmiş şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə ümumilikdə 1 350 lari pul və 10 min lari dəyərində qızıl-zinət əşyaları verib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iş üzrə kompleks şəkildə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs təqsirləndirilən şəxs qismində saxlanılıb", – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


