Salome Zurabişvili: Hamı bir nəfərə qarşı – milli birliyin yaradılmasının vaxtı çatıb
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili hesab edir ki, avtoritar rejimlərin əsas xüsusiyyəti sistemli zorakılığa yol verməsi, onu təşviq etməsi və məhz buna söykənməsidir. O bildirib ki, ölkədə milli birliyin formalaşdırılmasının vaxtı yetişib.
InterPress.ge xəbər verir ki, Salome Zurabişvili bu barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, avtoritar rejimlər eyni zamanda korrupsiya hesabına mövcud olur və onu özlərinin əsas dayaqlarından birinə çevirirlər.
"Avtoritar rejimin əsas xarakterik əlaməti sistemli zorakılığa yol verməsi, onu təşviq etməsi və ona arxalanmasıdır. Eyni zamanda, avtoritar rejim korrupsiya ilə yaşayır. Korrupsiya da məhz həmin rejim tərəfindən təşviq edilir və onun qida mənbəyini təşkil edir", – deyə Zurabişvili yazıb.
Onun fikrincə, rejimin sonu o zaman yaxınlaşır ki, o, öz dayaqları olan bu iki istiqamətə – zorakılıq və korrupsiya sisteminə toxunulmazlıq təmin edə bilmir.
Zurabişvili qeyd edib ki, vaxtilə oxşar proseslər Vahid Milli Hərəkat hakimiyyəti dövründə də baş verib.
"Bu, 'Vahid Milli Hərəkat'ın da başına gəldi. Həbsxana görüntüləri yayılandan sonra Mixeil Saakaşvili baş verənləri nə inkar edə bildi, nə də onlara bəraət qazandıra bildi. Bundan sonra rejimə inam hətta onun ən sadiq çevrələrində belə itir və hər kəs öz xilası barədə düşünməyə başlayır", – deyə o bildirib.
Beşinci prezidentin sözlərinə görə, eyni məyusluq bu gün hakimiyyətə yaxın korrupsiyaya bulaşmış məmurlar arasında da müşahidə olunur.
"O insanlar ki, kor-koranə sədaqət müqabilində özlərini toxunulmaz hesab edirdilər, birdən anlayırlar ki, həmin rejim onları bir göz qırpımında qurban verə bilər. Onlar təəccüb və qorxu içində izləyirlər ki, rejim özünün ən etibarlı 'övladlarını' – Liluşvilini, Ğaribaşvilini, Rijvadzəni, Burçuladzeni necə mühakimə edir və ya qurban verir", – deyə Zurabişvili yazıb.
O bildirib ki, son dövrlər hakimiyyətin siyasi və biznes dairələrində müşahidə olunan qorxu artıq güc strukturlarına da yayılıb.
"Zorakılığa görə hüquq-mühafizə orqanlarının cəzalandırılması hələ də səthi xarakter daşısa da, rejimin baş verənləri inkar etməməsi, onları açıq şəkildə müdafiə etməməsi və özünü xilas etmək naminə qurban verməyə hazır olması onlar üçün ciddi siqnaldır", – deyə o vurğulayıb.
Salome Zurabişvili bu vəziyyətdən iki əsas nəticənin çıxdığını qeyd edib:
– Rejimin dayaqları sarsılır;
– Qorxu artıq hakim komandanın daxilinə keçib.
Onun sözlərinə görə, hakimiyyətin yuxarı eşelonlarında tam etimadsızlıq və komanda ruhunun pozulması da rejimin sürətlə sona yaxınlaşdığını göstərir.
"Buna görə də vaxt daralır. Belə bir rejimi məğlub etməyin yeganə yolu vahid cəbhənin formalaşdırılmasıdır.
Hamı bir nəfərə qarşı!
Və bu 'hamı' bu ölkənin gələcəyi və xilasını düşünən hər kəsi nəzərdə tutur.
Bu qaçılmaz mübarizə siyasi partiyaların əlçatmaz birliyini daha gözləyə bilməz.
Milli birliyin vaxtı çatıb", – deyə Salome Zurabişvili bildirib.


