05 
Iyn
2026
15:10
123

Lavrov: Qərb Gürcüstanı Rusiyadan uzaqlaşdırmağa açıq şəkildə çalışırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb uzun illərdir Rusiyanı zəiflətmək məqsədilə onun qonşularını Moskva ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus mediasına müsahibəsində danışıb.

Lavrovun sözlərinə görə, Qərb heç vaxt gizlətməyib ki, Rusiyanın qonşu ölkələrinin Moskva ilə əməkdaşlıqdan əldə etdiyi faydaları itirməsini və Qərbin hazırladığı geosiyasi planların bədəlini ödəməsini istəyir.

Nazir bu kontekstdə Ukraynadakı müharibədən və Gürcüstandakı hadisələrdən danışaraq bildirib ki, Avropa Ukrayna münaqişəsinin elə bir həllini dəstəkləməyəcək ki, bu, onun sözləri ilə desək, “Zelenskinin nasist rejimi”nin və ya onu əvəz edə biləcək qüvvələrin Qərbin nəzarətindən çıxmasına səbəb olsun.

Lavrov qeyd edib ki, Gürcüstanla bağlı da Rusiyadan uzaqlaşdırmağa yönəlmiş açıq cəhdlər olub.

“Gürcüstanı Rusiyadan uzaqlaşdırmaq cəhdi tamamilə açıq və aşkar idi. O zaman ABŞ dövlət katibi olan Kondoliza Rays və digər Amerika rəsmiləri Gürcüstana səfər etmişdilər.

2008-ci ilin avqust müharibəsindən az əvvəl, həmin ilin aprelində Buxarestdə Rusiya–NATO sammiti keçirildi. Paralel olaraq təşkil olunan NATO sammitində Ukrayna və Gürcüstanın NATO üzvü olacağı barədə qərar qəbul edildi.

Prezident Vladimir Putin Rusiya–NATO görüşündə ‘Niyə belə etdiniz?’ sualını verəndə ona qeyri-müəyyən izahlar təqdim olundu. Bundan sonra cənab Mixeil Saakaşvilinin, necə deyərlər, ‘başı gicəlləndi’. O düşündü ki, Gürcüstan NATO üzvü olacaq və hər şey mümkündür. Nəticədə Cənubi Osetiyaya qarşı hücum, o cümlədən rusiyalı sülhməramlılara qarşı əməliyyatlar həyata keçirildi və bu, dinc əhali arasında çoxsaylı itkilərlə nəticələndi”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə, sonradan yaradılmış Avropa İttifaqının xüsusi komissiyası da müharibənin Saakaşvili tərəfindən başlandığını təsdiqləyib.

“Lakin bu günə qədər bizi Cənubi Osetiya və Abxaziyanın ‘işğalında’ ittiham edənlər üçün bu faktın heç bir əhəmiyyəti yoxdur”, – deyə Lavrov qeyd edib.

Nazir əlavə edib ki, Avropa ölkələrinin mövqeyinə görə, guya Cənubi Osetiyaya hücum olmayıb və Rusiya sadəcə Gürcüstanın bir hissəsi olan Abxaziya və Cənubi Osetiyanı “işğal edib”. Onun sözlərinə görə, Qərb bu yanaşmanı bu gün də davam etdirir.

Bizimlə əlaqə saxlayın