Rusiya XİN: ABŞ və İsrail İran əleyhinə əvvəlcədən planlaşdırılmış hərbi təcavüz aktı həyata keçirib
"ABŞ və İsrailin silahlı qüvvələri İrana qarşı əvvəlcədən planlaşdırılmış və təxribat olmadan həyata keçirilmiş hərbi təcavüz aktı törədib."
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrail qüvvələri İran ərazisinə hava zərbələri endirib. Bəyanatda qeyd olunur ki, bu addımdan əvvəl hərbi-siyasi və təbliğat xarakterli hazırlıq aparılıb, o cümlədən ABŞ hərbi qüvvələrinin regionda geniş şəkildə yerləşdirilməsi həyata keçirilib.
“Bu faktlar göstərir ki, söhbət BMT-yə üzv olan suveren və müstəqil dövlətə qarşı əvvəlcədən planlaşdırılmış və təxribat olmadan həyata keçirilmiş hərbi təcavüz aktından gedir. Bu, beynəlxalq hüququn fundamental prinsip və normalarının pozulmasıdır”, – deyə bəyanatda vurğulanır.
Rusiya XİN əlavə edib ki, Moskva İran ətrafında yaranmış vəziyyətin siyasi və diplomatik həll yoluna qaytarılmasını tələb edir.
Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqton və Təl-Əviv “təhlükəli avantüraya” əl atıb və bu addım regionu humanitar, iqtisadi və hətta mümkün radiasiya fəlakəti riskinə yaxınlaşdırır.


