18 
Fev
2026
11:24
163

DİN: Son 48 saatda mütəşəkkil cinayətkarlıqda iştirak edən 97 nəfər saxlanılıb

Son 48 saat ərzində Tbilisi və regionlarda həyata keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkarlıqda iştirak edən 97 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki,bu barədə brifinqdə daxili işlər naziri Qeka Qeladze məlumat verib.

Nazirin sözlərinə görə, saxlanılanlardan 81-i narkotik vasitələrin satışı və narkocinayət sxemlərində iştirak edib. Əməliyyatlar zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Məlumata əsasən, narkotik satışı ilə məşğul olan şəxslər narkotiklərin realizasiyasını müxtəlif üsullarla, o cümlədən internet tətbiqləri, “əlbəəl” ötürmə və əvvəlcədən müəyyən edilmiş yerlərə yerləşdirmə yolu ilə həyata keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətli alışlar aparılıb və gizli audio-video çəkilişlər edilib.

Şəxsi axtarışlar, avtomobillərə və yaşayış evlərinə baxış zamanı, eləcə də istintaq eksperimenti çərçivəsində göstərilən ünvanlardan satış üçün hazırlanmış xüsusilə külli miqdarda “heroin”, “kokain”, “alfa-PVP”, “suboksin”, “buprenorfin” və digər narkotik vasitələr aşkar olunub. Həmçinin narkotiklərin qablaşdırılması və hazırlanması üçün ləvazimatlar, eləcə də ehtimal olunan satışdan əldə edilmiş pul vəsaiti götürülüb.

Nazirin bildirdiyinə görə, Latviya vətəndaşı da Tbilisi Beynəlxalq Hava Limanında saxlanılıb. O, Gürcüstana yarım kiloqramdan artıq “kokain” gətirməyə cəhd edib.

Bundan əlavə, Tbilisidə yaşayış evlərindən birində narkolaboratoriya aşkar edilib. Orada narkotik vasitələr kustar üsulla hazırlanıb. İki İran vətəndaşı saxlanılıb, yarım kiloqrama yaxın “metamfetamin” götürülüb.

Paralel keçirilən əməliyyat çərçivəsində daha 16 nəfər saxlanılıb. Onların üzərindən və yaşayış yerlərindən onlarla odlu və avtomatik silah, eləcə də əl qumbaraları aşkar olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236, 260, 260-tertsia, 260-kvarta, 262 və 265-prima maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazir vurğulayıb ki, hüquq-mühafizə orqanları istənilən növ cinayətə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək.

Bizimlə əlaqə saxlayın