Alman mətbuatı: Roger Köppelin mümkün Aİ sanksiyaları ifadə azadlığı üçün təhlükəli presedent yaradır
Avropa İttifaqının sanksiya siyasəti, İsveçrənin nüfuzlu həftəlik nəşri Die Weltwochenin baş redaktoru Roger Köppelin mümkün sanksiya siyahısına salınması fonunda Avropada ifadə azadlığı ilə bağlı ciddi müzakirələrə səbəb olub. Almaniyanın Berliner Zeitung nəşri yazır ki, Brüsselin bu istiqamətdə atacağı addım söz azadlığına növbəti hücum kimi qiymətləndirilə bilər.
Qeyd olunur ki, bundan əvvəl Almaniyanın WELT nəşrində Roger Köppelin məqaləsi dərc olunub. Məqalədə Köppel Avropa İttifaqını Avropa dəyərlərinə xəyanətdə və söz azadlığını boğmaqda ittiham edib. Onun fikrincə, Aİ artıq Avropa üçün Çin və Rusiyadan belə daha böyük təhlükəyə çevrilməkdədir.
Roger Köppel yazısında bildirib ki, İsveçrədən baxanda Avropa İttifaqı getdikcə avtoritar struktura çevrilir və onun əsas ideallarının “monstr” formasında deformasiyası açıq şəkildə müşahidə olunur. Jurnalist qeyd edib ki, Aİ-nin son sanksiya siyahısında İsveçrə vətəndaşının da yer alması onun üçün təşkilatın mahiyyətinin tamamilə dəyişdiyini göstərir. Köppelin fikrincə, yalnız diktator və avtoritar rejimlər fərqli düşüncəni cəzalandırır.
Alman hüquqşünası və biznes hüququ professoru Viktor Winkler məşhur müsahibəsində Köppelə dərhal Avropa İttifaqı ilə əlaqə saxlamasını tövsiyə edib. O, Die Weltwoche baş redaktorunun Aİ sanksiya siyahısına salınmasının real təhlükə olduğunu bildirib və bunun bir neçə il əvvəl təsəvvür belə edilməyəcəyini vurğulayıb.
Berliner Zeitung yazır ki, “Köppel işi” artıq Avropa media və hüquq dairələrində ciddi narahatlıq doğuran presedentlərlə müşayiət olunur. Xüsusilə qeyd edilir ki, dekabrın ortalarında Avropa İttifaqı İsveçrə ordusunun sabiq polkovniki və strateji analitik Jacques Baudu sanksiya siyahısına daxil edib. Ona “prorusiya təbliğatı”nda və “konspirasiya nəzəriyyələrinin yayılmasında” ittiham irəli sürülüb. Hazırda Brüsseldə yaşayan Bod üçün bu sanksiyalar faktiki olaraq “vətəndaş ölümü” anlamına gəlir: bank hesabları dondurulub, maliyyə imkanları məhv edilib və o, qərardan məhkəməyə şikayət verməyə hazırlaşır. Köppel də məqaləsində məhz bu nümunəyə istinad edib.
Nəşr vurğulayır ki, Ukrayna müharibəsinin əvvəlində sanksiyalar əsasən Rusiya vətəndaşları və qurumlarına yönəlsə də, hazırda bu dairə xeyli genişlənib. Avropa vətəndaşlarının da sanksiya siyahısına salınması tamamilə yeni və təhlükəli tendensiya kimi qiymətləndirilir. Bu isə proporsionallıq, hüququn aliliyi və Avropada söz azadlığının gələcəyi ilə bağlı suallar doğurur.
Məqalədə qeyd olunur ki, Roger Köppel tənqidçilər tərəfindən Die Weltwoche-ni ənənəvi media platformasından sağçı-populist tribunaya çevirməkdə ittiham olunur. O, nadir hallarda söz verilən şəxslərə tribuna açması ilə tanınır. Macarıstanın baş naziri Viktor Orban, Serbiya prezidenti Aleksandar Vučić və Almaniyada AfD partiyasının lideri Alice Weidel dəfələrlə onun nəşrinə müsahibə verən siyasətçilər sırasındadır.
Berliner Zeitung-un təhlilinə görə, sanksiya siyahısına salınma meyarları qeyri-müəyyəndir və seçimin özbaşınalığı tənqid olunur. Professor Winkler bildirib ki, Avropa İttifaqı bəzi real Kremlə yaxın oliqarxları sanksiyalardan kənarda saxladığı halda, Moskva ilə zəif əlaqəsi olan şəxsləri siyahıya daxil etməklə öz siyasətinin inandırıcılığını zəiflədir.
Məqalədə Avropa mediasının bir hissəsinin reaksiyası da narahatedici kimi dəyərləndirilir. Jurnalist həmrəyliyi əvəzinə, bəzi media nümayəndələrinin mümkün sanksiyaları lağ obyektinə çevirməsi vurğulanır. Almaniyanın Die Zeit nəşrinin redaktoru Jörg Launun sosial şəbəkədə Köppel barədə yazdığı və sonradan sildiyi “Yaxşıdır. Xəyanətkar.” şərhi də buna nümunə kimi göstərilir.
Alman nəşri yekunda bildirir ki, sağlam demokratiya qadağalarla deyil, açıq debat, media savadlılığı və fikir plüralizmi ilə möhkəmlənməlidir. Propagandadan qorunma ilə fərqli fikirlərin senzurası arasındakı sərhədin harada bitdiyi sualı isə Roger Köppel işi fonunda Avropa üçün bir sınağa çevrilə bilər.


