03 
Okt
2026
11:33
107

Gürcüstanda xüsusi əməliyyat: “oğru dünyası” ilə əlaqədə olmaqda şübhəli bilinən onlarla nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə son 24 saat ərzində Tbilisi və regionlarda keçirilən genişmiqyaslı polis əməliyyatı nəticəsində “oğru dünyası” ilə əlaqədə olmaqda şübhəli bilinən 80 nəfəri saxlayıb. Daha 14 nəfərə ittiham irəli sürüləcək. Onlardan bəzilərinə cəzaçəkmə müəssisəsində, bəzilərinə isə qiyabi qaydada ittiham veriləcək. İttiham ediləcək şəxslər arasında xaricdə olan bir “qanuni oğru” da var.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən intensiv şəkildə aparılan istintaq, o cümlədən hakimin qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xaricdə olan “qanuni oğru” Giorgi Qoqoladzenin adı və himayəsi altında onun ətrafındakı şəxslər sistemli şəkildə “oğru söhbətləri” təşkil edib və qərarları “oğru ənənələrinə” uyğun qəbul ediblər.

Məlumata görə, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda və müxtəlif yerlərdə tərəflər arasında mövcud olan maliyyə mübahisələrini müzakirə edib, “oğru söhbəti” nəticəsində mübahisə edən tərəflərdən birini digər tərəfin, eləcə də özlərinin xeyrinə müəyyən məbləğdə pul ödəməyə məcbur ediblər.

Təyin edilmiş öhdəliyin yerinə yetirilməməsi və ya müəyyən edilmiş müddətin pozulması halında isə vətəndaşları fiziki zorakılıq tətbiq etməklə və öldürməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində axtarışlar aparıblar. Axtarışlar zamanı maddi sübut kimi kompüter avadanlıqları və mobil telefonlar götürülüb. Məlumata görə, təqsirləndirilən şəxslər bu vasitələrlə bir-biri ilə və xaricdə olan “qanuni oğru” ilə əlaqə saxlayıblar.

Bundan başqa, axtarışlar zamanı odlu silahlar, pul və narkotik vasitələr də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri ilə aparılır. Sözügedən maddələr 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa, xüsusilə də “oğru dünyası”na qarşı mübarizəni fəal şəkildə davam etdirir.

“Qanunla verilmiş səlahiyyətlər çərçivəsində nazirlik “oğru dünyası”nın fəaliyyətində iştirak edən, ona yardım göstərən və cinayət yolu ilə vətəndaşlara təzyiq göstərməyə və maliyyə gəliri əldə etməyə çalışan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri həyata keçirəcək”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın