Gürcüstanın 4 bələdiyyəsində aralıq seçkiləri keçirilir
Gürcüstanın 4 bələdiyyəsində keçirilən aralıq seçkilərin gedişi ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
InterPress.ge xəbər verir ki, MSK-nın mətbuat katibi Natia İoseliani keçirdiyi brifinqdə bildirib ki, seçki prosesini 7 yerli təşkilatın 56 müşahidəçisi izləyir, 8 media təşkilatının 187 nümayəndəsi isə prosesi işıqlandırır.
“Bu gün bələdiyyələrin nümayəndəli orqanı olan sakrebulolara aralıq seçkiləri keçirilir. Vani, Tsalka, Dmanisi və Axmeta bələdiyyələrində aralıq seçkiləri majoritar sistem üzrə keçirilir. Seçicilər qeyd olunan bələdiyyələrin sakrebulolarına 4 majoritar üzv seçəcəklər.
Seçki məntəqələri açılıb və səsvermə başlayıb. Aralıq seçkiləri üçün dörd seçki dairəsində ümumilikdə 7 məntəqə açılıb, onlardan 4-ü Tsalkadadır.
Xatırladırıq ki, seçki məntəqələri Axmetada – Kasriskali kəndində, Dmanisidə – Velispiri və Ganaxleba kəndləri arasında, Tsalkada – İmera, Bareti, Sabeçisi və Livadi kəndlərində, Vanidə isə Fereta kəndində açılıb. Müvafiq dairə və məntəqə seçki komissiyalarının üzvləri sakrebulonun aralıq seçkiləri üçün xüsusi hazırlanmış təlim proqramından keçiblər.
Tsalkanın 3 seçki məntəqəsində və Vani seçki məntəqəsində səsvermə elektron verifikasiya və səslərin hesablanması aparatlarından istifadə edilməklə keçirilir. Digər məntəqələrdə isə ənənəvi üsul tətbiq olunur.
Seçicilərin ümumi sayı 2 225 nəfərdir. Daşınan seçki qutusu tələb etmək üçün seçki administrasiyasına 50 seçici müraciət edib.
Seçkilər üçün 2 siyasi partiya tərəfindən irəli sürülmüş 7 majoritar namizəd qeydə alınıb. Dmanisi, Tsalka və Vanidə “Gürcü Arzusu” və “Güclü Gürcüstan – Lelo” seçki subyektlərinin namizədləri qeydə alınıb. Axmetada isə yalnız “Gürcü Arzusu”nun namizədi qeydə alınıb.
Qeyd etmək lazımdır ki, seçki prosesini 7 yerli təşkilatın 56 müşahidəçisi izləyir, 8 media təşkilatının 187 nümayəndəsi isə prosesi işıqlandırır.
Müvafiq majoritar seçki dairələrində qeydiyyatda olan seçiciləri fəal olmağa və seçkilərdə iştirak etməyə çağırırıq.
Bir daha xatırladırıq ki, seçki məntəqəsinə gələn seçici özü ilə Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsini və ya Gürcüstan vətəndaşının pasportunu gətirməlidir. Səsvermə saat 20:00-dək keçiriləcək.
Elektron vasitələrdən istifadə etməklə səsvermənin keçirildiyi seçki məntəqələrində qeydiyyatçı seçiciyə seçki bülleteni ilə birlikdə müvafiq formalı xüsusi çərçivə-zərf təqdim edir. Elektron məntəqəyə gələn seçici xüsusi markerlə yalnız seçmək istədiyi bir namizədin qarşısındakı dairənin daxilindəki hissəni rəngləməli/işarələməli və xüsusi çərçivə-zərfdən istifadə etməklə bülleteni səslərin hesablanması aparatında giriş hissəsinin qapağının altına yerləşdirməlidir.
Səsvermə gizlidir. Səsvermə kabinəsində foto və video çəkilişinə icazə verilmir.
Həmçinin xatırladırıq ki, gün ərzində MSK-nın əlaqə mərkəzi – 2 51 00 51 fəaliyyət göstərəcək. Media mərkəzi də fasiləsiz rejimdə işləyəcək. Burada media nümayəndələri və seçki prosesinə cəlb olunan tərəflər onları maraqlandıran məsələlərlə bağlı məlumat əldə edə biləcəklər”, – Natia İoseliani bildirib.


