16 
Dek
2025
17:55
689

DİN: “Qanuni oğru” dünyası ilə əlaqədə olan 63 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə üzrə intensiv rejimdə aparılan polis tədbirləri nəticəsində “qanuni oğru” dünyası ilə əlaqədə olan 63 nəfəri cinayət məsuliyyətinə cəlb ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

Onlardan 49 nəfər saxlanılıb, 14 nəfər isə qiyabi qaydada məsuliyyətə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər arasında 5 “qanuni oğru” da var.

Məlumata görə, həmin şəxslər “qanuni oğru dünyasının üzvü olmaq”, “qanuni oğru toplantısında iştirak”, “qanuni oğru dünyasının fəaliyyətinə dəstək”, “qanuni oğurluq” və “qanuni oğru dünyasının üzvünə müraciət” maddələri ilə ittiham olunurlar. Saxlanılanların əksəriyyəti əvvəllər müxtəlif ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilib.

Nazir müavini bildirib ki, polis əməliyyatı məhkəmə qərarı əsasında həyata keçirilib. Son bir neçə ay ərzində məhkəmə qərarı ilə aparılan gizli istintaq tədbirləri nəticəsində əldə olunan sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə olan “qanuni oğrular”la əlaqədə olublar, onların tapşırıqlarını yerinə yetiriblər və “qanuni oğru” dünyasının fəaliyyətində fəal iştirak ediblər.

Araşdırma zamanı həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslərin və mübahisə edən tərəflərin iştirakı ilə müxtəlif vaxtlarda Gürcüstanda və xaricdə “qanuni oğru razborkaları” təşkil edilib və bu proseslərdə xaricdə olan “qanuni oğrular” da iştirak ediblər.

Bildirilir ki, təqsirləndirilən şəxslər toplantılarda “qanuni oğru” ənənələrinə uyğun olaraq qərarlar qəbul edib, tərəflərdən birini digərinin, eləcə də öz xeyirlərinə müəyyən edilmiş müddətdə pul ödəməyə məcbur ediblər. Göstərişlərə tabe olmayan şəxslər sözlü və fiziki təhqirə məruz qalıb, həmçinin onların ailə üzvlərinin həyatına son qoymaqla hədələniblər.

Polis təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar götürüb. Həmin vasitələrdən onlar bir-biri ilə və xaricdə olan “qanuni oğrular”la əlaqə saxlayıblar. Axtarışlar zamanı, həmçinin odlu silah da aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü sekunda, 223-cü tersiya və 223-cü kvarta maddələri ilə aparılır. Bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Aleksandre Daraxvelidzenin sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyi üçün əsas prioritetlərdən biri təşkilatlanmış cinayətkarlığa, o cümlədən “qanuni oğru” dünyası ilə əlaqəli cinayət fəaliyyətinə qarşı sistemli və barışmaz mübarizədir. Nazir müavini vurğulayıb ki, hər hansı cinayət törədən şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq və əsas məqsəd cəmiyyətin təhlükəsizliyini maksimum təmin etmək və hər bir vətəndaşı qorumaqdır.

Bizimlə əlaqə saxlayın