02 
Dek
2025
13:42
817

Marneulidə gənci soyundurub video çəkərək şantaj edən şəxslər saxlanıldı - VİDEO

Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları qrup halında hədə-qorxu yolu ilə pul tələb etmə, azadlığın qanunsuz məhdudlaşdırılması, şəxsi həyata dair məlumatların qanunsuz istifadəsi, qeyri-insani rəftar və intihara cəhdə aparma ittihamları ilə üç nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təqsirlilərin hamısı əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslərdir: 2001-ci il təvəllüdlü E.G., 2002-ci il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü A.M.

İstintaqın məlumatına görə, hadisələr keçən ilin yayında başlayıb. 2003-cü il təvəllüdlü R.B. həmkəndliləri A.M. və N.A.- ilə birlikdə kart oyunu oynayıb. Oyundan sonra həmin şəxslər R.B.-yə “20 min lari uduzduğunu” bildirərək bu məbləği ödəməsini tələb ediblər. Daha sonra A.M. və N.A. dostları E.G.- ilə birlikdə hədə-qorxu və zor tətbiqi yolu ilə R.B.-dən 6 500 ABŞ dolları və 2 800 lari alıblar.

Bir müddət sonra onlar R.B.-dən əlavə 10 min lari tələb ediblər. 28 noyabrda isə gənci zorla apararaq Marneuli bələdiyyəsinin insan yaşamayan ərazisinə çıxarıblar, orada fiziki zorakılıq göstərib, onu soyunduraraq şəkil və video çəkiblər. Günün sonuna qədər tələb olunan pulu ödəməyəcəyi təqdirdə həmin görüntüləri yaymaqla hədələyiblər. Bu təzyiqlərdən sonra R.B. intihara cəhd edib.

Operativ tədbirlər nəticəsində polis E.G., N.A. və A.M.-i saxlayıb və onlara rəsmi ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətlər 10 ilə qədər həbs cəzası nəzərdə tutur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü “tertsia”, 115-ci, 143-cü, 157-ci “prima” və 181-ci maddələri üzrə davam edir.

Bizimlə əlaqə saxlayın