Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskva vilayətində sərnişinlərlə dolu avtobusu vurub
Moskva vilayətində “Pantsir-S1” zenit-raket kompleksinə məxsus raketin sürətləndirici bloku sərnişinlərlə dolu avtobusa çırpılıb.
InterPress.ge xəbər verir ki, hadisə barədə məlumatı Rusiya müxalifət mediası “Astra” yayıb.
Məlumata görə, nəqliyyat şirkəti “Mostransavto” əvvəlcə açıqlama yayaraq bildirmişdi ki, səhər saatlarında Ukrayna dronlarının hücumu zamanı avtobusa yalnız “dron qalıqları” düşüb və nəqliyyat vasitəsi “cüzi zədələr” alıb. Şirkət həmçinin hadisə nəticəsində xəsarət alanların olmadığını bəyan edib.
Lakin yerli sakinlərin paylaşdığı fotolar bunun əksini göstərir. Şəkillərdə avtobusun tamamilə tanınmaz hala düşdüyü və onun üzərinə “Pantsir-S1” kompleksinə məxsus zenit-raketin sürətləndirici blokunun düşdüyü görünür.
Hadisə Moskva vilayətinin Malino yaşayış məntəqəsindən “Kotelniki” metro stansiyasına hərəkət edən marşrut avtobusunda baş verib.
İnsidentdən sonra yerli sakinlər hökuməti baş verən hadisəni gizlətməkdə və onun real səbəblərini inkar etməkdə ittiham ediblər.


