21 
Okt
2025
10:52
792

Ermənistanda başlayan etiraz aksiyasında 33 nəfər saxlanılıb

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasiyanın tərəfdarlarının keçirdiyi etiraz aksiyası zamanı saxlanılanların sayı 33-ə yüksəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan rus mediasına açıqlama verib.

İstintaq Komitəsinin məlumatına görə, Gümrü meriyasında dünən keçirilən aksiya ilə bağlı “kütləvi iğtişaşlarda iştirak”, “vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə” və “ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmə” maddələri üzrə cinayət işi başlanıb.

“Kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma ittihamı ilə aparılan istintaq çərçivəsində 33 nəfər saxlanılıb,” – deyə Avdalyan bildirib.

Qeyd edək ki, dünən Gümrü meri Vardan Qukasiyan hüquq-mühafizə orqanları tərəfindən rüşvət almaqda ittiham olunaraq həbs edilmişdi. Onun saxlanılmasından əvvəl meriya binası qarşısında Qukasiyanın azadlığa buraxılması tələbi ilə toplaşan vətəndaşlarla polis arasında qarşıdurma baş vermişdi.

Bizimlə əlaqə saxlayın