Sülh Təhsili: Zorakılıqsız Gələcək Üçün Yol
Müasir dünyada silahlı münaqişələrin, sosial gərginliklərin və zorakı yanaşmaların artması sülh anlayışını və bu istiqamətdə görüləcək işləri daha da aktual edir. Sülh yalnız bir ideya və ya arzu deyil — bu, öyrənilə və öyrədilə bilən bir bacarıq, bir prosesdir. Sülh təhsili məhz bu məqsədə xidmət edir: insanlara zorakılıqdan uzaq, qarşılıqlı anlayışa və əməkdaşlığa əsaslanan bir dünyanı qurmağı öyrətmək.
Qafqaz regionu tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların qovuşduğu bir məkan olub. Bu müxtəliflik, bir tərəfdən, zənginlik və potensial mənbəyi olsa da, digər tərəfdən, düzgün idarə olunmadıqda konfliktlərə yol aça bilir. Məhz bu səbəbdən sülh təhsili Qafqazda xüsusilə vacibdir — o, müxtəliflik içində birlik və anlaşma yaratmaq üçün güclü bir vasitə rolunu oynayır.
Regionda sabitliyin qorunması yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial və iqtisadi tərəqqi üçün mühüm şərtdir. Sülh və qarşılıqlı anlayışın mövcud olduğu cəmiyyətlərdə sərmayə axını, turizm və əməkdaşlıq imkanları artır. Bu da həm yerli, həm də regional inkişafın təməlini təşkil edir.
Sülh təhsili Qafqazda yalnız keçmişdəki münaqişələrin təkrarlanmasının qarşısını almağa deyil, eyni zamanda gələcək nəsillər üçün daha inklüziv, stabil və inkişaf yönümlü bir mühitin yaradılmasına xidmət edir. Bu təhsil forması sülhü yalnız ideya kimi deyil, gündəlik həyatın bir hissəsinə çevirmək üçün real addımlar atmağa çağırır.
Sülh təhsili insanların tənqidi düşünmə bacarığını inkişaf etdirərək onların konfliktlərə zorakı deyil, dialoq yolu ilə yanaşmasına şərait yaradır. Bu, empatiya, anlayış, sosial məsuliyyət və insan hüquqları kimi dəyərlərin aşılanması ilə həyata keçirilir. Sülh təhsili yalnız müharibənin qarşısını almağa deyil, eyni zamanda gündəlik həyatda — məktəbdə, ailədə, cəmiyyətdə — zorakılığın bütün formalarının tanınmasına və onların qarşısının alınmasına yönəlmişdir.
İnsanlar arasında anlaşma gündən-günə çətinləşir. Cəmiyyətin fərqli üzvləri bir-birini dinləmədən yalnız öz mövqeyini müdafiə edir. Belə bir mühitdə sülh təhsili gənclərə fərqli fikirlərə açıq olmağı, qarşı tərəfi dinləməyi və empati qurmağı öyrədir. Bu isə daha dayanıqlı və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.
Sülh təhsili ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə formalaşır.
Sülh təhsili gələcəyin sülhsevər nəsillərini formalaşdırmaq üçün ən təsirli vasitələrdən biridir. Bu təhsil forması yalnız bir fənn kimi deyil, düşüncə və həyat tərzi kimi təqdim olunmalıdır. İnsanlar arasında qarşılıqlı anlayış, dinləmə mədəniyyəti və empatiya formalaşdıqca cəmiyyət daha ədalətli və zorakılıqsız olacaq.
Əgər biz daha təhlükəsiz, ədalətli və humanist bir gələcək istəyiriksə, sülh təhsilini bu gün başlamalıyıq.
Müəllif: Arzu Əliyeva


