
“Qanuni oğru”larla əlaqədə ittiham olunan 7 nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları “oğru dünyası” ilə əlaqədə olmaq ittihamı ilə 7 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
İmereti Polis Departamenti və Qərbi Gürcüstan Regional Prokurorluğunun əməkdaşlarının birgə apardığı əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İmereti regionunda “qanuni oğru”larla əlaqədə olan 7 nəfər məhkəmə qərarı əsasında həbs edilib.
Bu cinayətlərə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
İttihama əsasən, “oğru dünyasının” üzvü olmaqda günahlandırılan şəxs daha əvvəl məhkum olunmuş 1973-cü il təvəllüdlü L.K. (təxəllüsü – “Kvatia”) olub.
“Oğru dünyasının” fəaliyyətini dəstəkləməkdə ittiham olunan şəxslər isə bunlardır:
• 1980-ci il təvəllüdlü A.K.
• 1985-ci il təvəllüdlü S.A.
• 1989-cu il təvəllüdlü B.S.
• 1983-cü il təvəllüdlü O.D.
• 1985-ci il təvəllüdlü G.K. (təxəllüsü – “Kvertsa”)
• 1986-cı il təvəllüdlü N.V. (təxəllüsü – “Goto”)
Bundan əlavə, 1976-cı il təvəllüdlü V.K. (təxəllüsü – “Vatia”) adlı xaricdə yaşayan “qanuni oğru”nun da eyni cinayətlə əlaqəli olduğu müəyyən edilib.
İstintaq zamanı müəyyən edilib ki, “qanuni oğru” V.K. (Vatia) öz kriminal şəbəkəsi vasitəsilə İmereti regionunda biznesə müdaxilə edib. Onun göstərişi ilə A.K. Tskaltubo rayonunun bir kəndində “Tabaxmela 2023” adlı aqrar bazar açıb. Bu bazarın Kutaisidə fəaliyyət göstərən “Ani” adlı digər bazara rəqib olduğu və ona ziyan vurmaq məqsədilə açıldığı bildirilir.
İttihama əsasən, təqsirləndirilən şəxslər öz kriminal təsir gücündən istifadə edərək Kutaisi bazarında çalışan işçiləri “Tabaxmela 2023”-ə keçməyə məcbur ediblər. Bunun nəticəsində Kutaisidəki bazarın fəaliyyəti dayanıb və “Tabaxmela 2023” bazarı böyük gəlir əldə edib. Nəticədə, “Ani” bazarına yüz minlərlə larilik maddi ziyan dəyib.
Polis tərəfindən saxlanılan şəxslərin şəxsi və yaşayış yerlərində axtarış aparılıb. İstintaq üçün əhəmiyyətli olan kompüter avadanlıqları və mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb. Məlum olub ki, şübhəlilər bu texnologiyalar vasitəsilə bir-biri ilə və xaricdə yaşayan “qanuni oğru”larla əlaqə saxlayırdılar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin birinci və ikinci bəndləri, eləcə də 223-cü tertiya maddəsinin ikinci bəndi ilə davam etdirilir.