26 
Fev
2025
05:42
125

Azərbaycan Xocalı soyqırımının 33-cü ildönümünü anır

Bu gün Xocalı soyqırımından 33 il ötür.

InterPress.ge xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum edərək dinc əhaliyə qarşı dəhşətli qırğın törədib. Nəticədə 613 nəfər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib, 1 275 sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

1994-cü ildə Azərbaycan Milli Məclisi 26 fevral tarixini "Xocalı Soyqırımı Günü" elan edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə faciə barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində geniş fəaliyyət aparılır, 2008-ci ildən isə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası həyata keçirilir. Artıq bir sıra ölkələr bu soyqırımı rəsmən tanıyıb.

Azərbaycan xalqı Xocalı faciəsini artıq işğaldan azad olunmuş torpaqlarda yad edir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində Xocalı rayonu da daxil olmaqla bütün torpaqlar azad edilib. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı dalğalanıb.

Hazırda Xocalıda genişmiqyaslı bərpa işləri aparılır. 2024-cü ilin mayından etibarən sakinlərin doğma yurdlarına qayıdışı başlanıb. Prezident İlham Əliyevin sərəncamı ilə Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.

Bizimlə əlaqə saxlayın