Seutaya keçmək istəyən 67 miqrant həlak oldu – İspaniya fövqəladə addımlar atır
İspaniyanın Şimali Afrikadakı Seuta anklavına keçməyə cəhd edən azı 67 miqrant həyatını itirib. İspaniya hökuməti miqrasiya böhranı ilə bağlı əlavə tədbirlərin görüldüyünü açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə El País qəzeti İspaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, Seuta sahillərində Mərakeşdən anklava keçməyə çalışan 67 miqrantın meyiti aşkarlanıb. Nazirlik həlak olanların bir qisminin Mərakeş tərəfində də ola biləcəyini istisna etməyib.
Məlumata görə, son hadisələr zamanı təxminən 50 min miqrant Seutaya daxil olub. Onlardan 48 mini artıq Mərakeşə geri qaytarılıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Seutadan ölkənin materik hissəsinə heç bir qeyri-qanuni miqrant keçə bilməyib.
"Seuta və Melilyadan materik hissəyə polis tərəfindən identifikasiya aparılmadan keçmək mümkün deyil. Şengen zonasının bütövlüyü tam şəkildə qorunur. Bu məqsədli çaşdırmalara son qoymaq lazımdır", – deyə Albares bildirib.
El País qəzetinin məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes Brüsselə məktub göndərərək Seuta böhranı ilə bağlı Avropa İttifaqının bəzi üzv dövlətlərinin mövqeyindən narazılığını ifadə edib. O, həmçinin vəziyyətin müzakirəsi üçün Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin fövqəladə iclasının çağırılmasını tələb edib.


