Azərbaycan Respublikasının Silahlı Qüvvələri: Bölgənin ən gücülü ordusu
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.
Bu gün silahlı qüüvələri, müstəqil ordusu olmayan tək-tək dövlətlər var. Sayı 21 olan həmin dövlətlərin müdafiəsi başqa dövlətlər tərəfindən həyata keçirilir. Lakin öz müdafiəsinə məsul olan ölkələrin müstəqil ordusu olmalıdır.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ən əsas vəzifələrdən biri Azərbaycan Silahlı Qüvvələrinin formalaşması idi. Milli Silahlı Qüvvələrin yaradılması üçün ilk cəhdlər isə hələ 1917-ci ilin sonunda və 1918-ci ilin əvvəllərində edilmişdi. Milli Şuranın 1918-ci il 28 may tarixli qərarına əsasən, Fətəli Xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumətin tərkibində təsis edilmiş Hərbiyyə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edildi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı.
Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.
Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş səhifəsi idi və dinamik bir proses kimi irəlilədi.
Sovetlər dövründə bütün çətinliklərə baxmayaraq dahi şəxsiyyətin Azərbaycanda Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılmasına nail oldu. Bu məktəbin yaradılması ölkəmizdə hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına səbəb oldu.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.
SSRİ süquta uğradıqdan sonra Azərbaycanın başının üstünü yenədə qara buludlar aldı. Mənfur qonşular müstəqil Azərbaycanın inkişafına, çiçəklənməsinə imkan vermək istəmirdilər. Səriştəsiz dövlət başçılarının yarıtmaz siyasəti nəticəsində Azərbaycan ordu quruculuğu prosesi dayandırıldı. Bu da azmış kimi Azərbaycan dövləti parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti parçalanmaqdan xilas oldu, ölkənin inkişafı və müdafiəsi - ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Dünya miqyaslı siyasi xadim Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Görkəmli siyasi xadim Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ümummilli Lider 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Müstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu. Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu.1990-cı illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.
Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bu nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.
Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən müasir ordu hesab olunur. Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.
Azərbaycanda hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb. Bunlardan biri Hərbi Elmi Tədqiqat İnstitutu, digəri isə Hərbi İdarəetmə İnstitutudur.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi də fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir.
Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il sentyabrın 27-də əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi.
Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan NATO ilə, eləcə də bəzi ölkələrin müdafiə qurumları ilə sıx əməkdaşlıq edir. Bu işdə Azərbaycan Müdafiə nazirliyinin xarici ölkələrdəki Hərbi Attaşe aparatları da müstəsna rola malikdirlər. Məhz bu aparatların vasitəçiliyi və birbaşa iştirakı ilə Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələri genişlənir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. Bu tarixə nəzər salanda qürurlanmamaq, ordumuzun uğurlarına, keçdiyi şərəfli yola baxanda hər bir Azərbaycan vətəndaşı, azərbaycanlı sevinir qürur hissi keçirir.
Hər bir azərbaycanlının qəlbindən keçən bir fikir var: Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaq!
Müəllif: Xətayi Əzizov
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri