
Dmanisidə həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən azyaşlıya qarşı həbs qətimkan tədbiri seçilib
Rustavi məhkəməsi Dmanisi bələdiyyəsində qəsdən adam öldürməyə görə saxlanılan azyaşlıya qarşı həbs qətimkan tədbiri seçib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs təqsirini boynuna almasa da, iclas qapalı olduğundan onun proseslə bağlı konkret nə dediyi məlum deyil. Vəkili təqsirləndirilən şəxsin özünü müdafiə etdiyini iddia edərək, iclasda onun zaminə buraxılmasını istəyib.
"Onun əlində silah olmayıb. Hadisə yerində döyülərkən yıxılan zaman özünü müdafiə etmək üçün əlinə nəsə alıb və mərhuma xəsarət yetirib", - deyən vəkil bu gün məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini qeyd edir.
Prokurorluq cinayətin bir nəfər tərəfindən törədildiyini və onun heç bir şərikinin olmadığını iddia edir. Prokurorun sözlərinə görə, 3 hadisə şahidinin ifadəsi var. Prokuror bildirir ki, onların ifadələri sübut edir ki, təqsirləndirilən şəxs lazımi təkəbbür çərçivəsində hərəkət etməyib.
Xatırladaq ki, Dmanisdə qətl hadisəsi noyabrın 15-də baş verib. İstintaqla müəyyən edilib ki, 15 yaşlı azyaşlı həmkəndlisi 18 yaşlı oğlanı soyuq silahla bıçaqlayaraq qətlə yetirib. Aldığı xəsarətlər nəticəsində o, yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı noyabrın 16-da saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.