Gürcüstan Prokurorluğu daha bir transmilli cinayətin üzərini açıb
Gürcüstan Prokurorluğu Norveç şirkətinə məxsus külli miqdarda pulu dələduzluq yolu ilə əldə etdiyi üçün Nigeriya Federativ Respublikası vətəndaşına qarşı cinayət təqibi başladıb.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Prokurorluğum məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs və onun əlaltıları dələduzluq yolu ilə külli miqdarda pul əldə etmək məqsədilə Norveç şirkətinin bank hesablarına sərəncam vermək səlahiyyətinə malik olan hüquqi şəxsin nümayəndəsinə saxta elektron mesaj və sənədlər göndəriblər. Bunun əsasında şirkətə məxsus 37 473 avro saxta yolla təqsirləndirilən şəxslərin Gürcüstanda nəzarət etdiyi bank hesabına köçürülüb. Cinayətkar dəstənin üzvləri qanunsuz yolla əldə etdikləri məbləği öz aralarında bölüblər.
“Nigeriya Federativ Respublikasının vətəndaşı əvvəlcədən razılaşdırılmış qrup tərəfindən dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə təqsirləndirilib və bu, 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Gürcüstan Prokurorluğunun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstan Prokurorluğu cinayətkar qruplaşmanın üzvlərinin, eləcə də oxşar fəaliyyətlə məşğul olan digər şəxslərin müəyyən edilərək ifşa edilməsi məqsədilə araşdırmaları davam etdirir”, - məlumatda bildirilir.


