Kim Çen In ölkədə ilk koronavirusa yoluxma faktına görə bütöv bir şəhəri bağlayıb
KXDR lideri Kim Çen In ölkədə ilk koronavirus infeksiyasına yoluxma ehtimalı barədə məlumat verildikdən sonra Keson şəhərini bağlamaq və onun rayonlarını bir-birindən təcrid etmək qərarına gəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu KXDR lideri Kim Çen Inın sədrliyi ilə koronavirus infeksiyası şübhəsinin qeydə alındığı Keson şəhərində vəziyyətə baxılması üçün təcili iclas keçirib. Şimali Koreya lideri müvafiq ərazidə fövqəladə vəziyyət rejimi də tətbiq edib. İclasda “milli fövqəladə karantin sistemi”ndən “maksimum fövqəladə vəziyyət sistemi”nə keçmək qərara alınıb.
Qeyd edək ki, KXDR ölkədə ilk koronavirusa yoluxma halının qeydə alındığını açıqlayıb. Virusa yoluxmaqda şübhəli bilinən şəxsin iyulun 19-da Cənubi və Şimali Koreya arasındakı hərbi demarkasiya xəttini qanunsuz keçdiyi deyilir. Ölkəyə qayıtmış şəxsin analizləri qeyri-müəyyən bir nəticə göstərib. O, sərt karantinə alınıb, rəsmilər onunla əlaqə saxlayan şəxsləri müəyyənləşdirir və təcridxanaya yerləşdirirlər.
Cənubi Koreyadan qayıtmış şəxsdə virusa yoluxma halı təsdiqlənərsə, bu, KXDR-də koronavirusa ilk yoluxma halı kimi qeydə alınacaq. Rəsmi məlumatlara görə, KXDR-də koronavirus infeksiyasına yoluxma ilə bağlı heç bir fakt qeydə alınmayıb.