İrakli Kobaxidze: Avropa bürokratiyasının əlində yalnız viza liberallaşdırılması qalıb, bu şantajın heç bir nəticəsi olmayacaq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-də viza rejimi ilə bağlı keçiriləcək görüşə dair jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Avropa bürokratiyasının Gürcüstana təzyiq göstərmək üçün əlində qalan yeganə vasitə viza liberallaşdırılması məsələsidir.
InterPress.ge xəbər verir ki, hökumət başçısının sözlərinə görə, bu cəhd nəticəsiz qalacaq.
"Biz 2024-cü il noyabrın 28-də Avropa bürokratiyasının əlindən şantaj üçün istifadə etdiyi demək olar ki, bütün rıçaqları aldıq. İndi onların əlində yalnız viza liberallaşdırılması qalıb və onlar Gürcüstan xalqını şantaj etməyə çalışırlar. Bunun heç bir dəyəri yoxdur. Düşünürəm ki, onlar da anlayırlar və prosesləri bu səviyyədə təhlil edirlər ki, bu şantajın heç bir nəticəsi olmayacaq. Buna görə hesab edirəm ki, bu şantaj tamamilə nəticəsiz qalacaq. Bunlar heç bir dəyəri olmayan bəyanatlardır", – deyə Kobaxidze bildirib.
Xatırladaq ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, viza qaydalarına əsasən, dayandırma mexanizmi qüvvədə olduğu müddətdə Avropa Komissiyası müvafiq üçüncü ölkə ilə dialoqa başlamalıdır. Bu çərçivədə iyunun 11-də Gürcüstan tərəfi ilə Avropa Komissiyası arasında ilk dialoq görüşü keçiriləcək.
Sözügedən görüşlə bağlı Avropa Komissiyasının sözçüsü Markus Lamert də açıqlama verib.
Onun sözlərinə görə, 2026-cı ilin mart ayında Komissiya ilkin olaraq 12 aylıq müddətə diplomatik və xidməti pasport sahibi olan Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişi dayandırıb. Bu qərar Avropa İttifaqına üzv dövlətlərin razılığı əsasında qəbul edilib.
"Vizasız rejimə dair razılaşma dayandırıldıqda, Komissiya müvafiq üçüncü ölkə ilə gücləndirilmiş dialoq adlandırdığımız prosesə başlayır. Bu prosesin məqsədi dayandırılmaya səbəb olan halların aradan qaldırılmasıdır. Bu kontekstdə iyunun 11-də Avropa Komissiyası ilə Gürcüstan rəsmilərindən ibarət nümayəndə heyəti arasında ilk görüş keçiriləcək", – deyə Markus Lamert qeyd edib.


