M.F. Axundov adına Azərbaycan Mədəniyyət muzeyində “Nəriman Nərimanov – dini etiqadın keşiyində” adlı toplantı keçirildi
12 iyul tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət muzeyində “Nəriman Nərimanov – dini etiqadın keşiyində” adlı toplantı keçirilib.
InterPress.ge xəbər verir ki, tədbiri iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva açaraq Nəriman Nərimanovun keşməkeşli həyat yolundan bəhs edib, son illərdə N.Nərimanovla bağlı Azərbaycan və gürcü dillərində həyata keçirilən layihələrdən danışıb.
Nərimanovun dinə olan münasibətinə toxunan Aygül İsayeva bir sıra faktların bir çox insanları heyrətləndirdiyini, təəccübləndirdiyini də dilə gətirib:
“Nərimanov Allahsızlığın, ateizmin təbliğ olunduğu, dini dəyərlərə hücum edildiyi çətin bir dövrdə yaşayırdı. Bütün çətinliklərə, ixtilaflara baxmayaraq N.Nərimanov bizim dini bayramlarımızın - Qurban, Ramazan, Mövlud – Məhəmməd peyğəmbərin anadan olduğu günün, Aşura gününün rəsmi olaraq istirahət günü, qeyri-iş günü elan edilməsinə nail olmuşdu. N.Nərimanov "cümə axşamını" müqəddəs hesab etdiyi üçün xəstələri pulsuz müalicə edərdi, məhərrəmlik günlərində məscidlərə ərzaq göndərərdi. Din xadimlərinin həyatını xilas etmişdi, onların repressiya qurbanı olmasının qarşını almışdı. Bu sadaladığım faktlar deyərdim ki, bir çoxlarını, eləcə də gürcüləri heyrətləndirən, hətta təəccübləndirən bir hadisədir. Bu faktlar onu göstərir ki, N.Nərimanov yaşadığı çətin dövrdə müstəqil siyasət yürütməyi bacaran azsaylı ictimai xadimlərdən olub.” – deyə A.İsayeva çıxışında bildirib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının dosenti Rəna Bayramova “Nəriman Nərimanov – dini etiqadın keşiyində” adlı məruzə ilə çıxış edib.
“İslam dininə münasibət N.Nərimanov siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. O, dinə qarşı mübarizəyə dəfələrlə öz kəskin etirazını bildirmişdi. O, inanırdı ki, İslama – mədəniyyətə, tərəqqiyə mane olmaq məqsədi güdən nəzəriyyə kimi baxmaq böyük səhv olardı. N. Nərimanov bütün haqsızlıqların əleyhinə çıxır, matəm günlərində məscidə gedərək xalqla bir yerdə olurdu. Ona böyük hörmət və inam bəsləyirdilər. N. Nərimanov İslamı dünya sivilizasiyası tarixində xüsusi yer tutan qüdrətli, misilsiz dərəcədə zəngin, dünya mədəniyyətinə həqiqətən böyük təsir göstərmiş mədəniyyət kimi görür və təbliğ edirdi. Nərimanovun böyüklüyü islamı kamilcəsinə dərk etməsində idi. Çünki onun kimi o, dövrün ziyalıları ilk təhsillərini mədrəsədə almış, islamın dərin köklərini onlara doğru-düzgün aşılamışdılar. Quranı və dinin əsaslarını dərindən öyrətmişdilər. Bu səbəbdən o din məsələsinə çox həssaslıqla yanaşır, islamı yad təsirlərdən qorumağa calışırdı.” – deyə Rəna Bayramova çıxışında qeyd edib.
Daha sonra çıxış üçün söz alan Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin attaşesi Sultan Alaylı N.Nərimanovun Türkiyənin xəritədən silinməsinin qarşısını almasından, dar gündə Atatürkə etdiyi yardımlardan danışıb.
Tədbirdə Media holdinq 24 TV-nin direktor müavini Badri Naçkebia, Yunus Əmrə İnstitunun direktoru Ali Oğuzxan Yüksel, Nəriman Nərimanovun Tbilsidəki xatirə muzeyinin direktoru Cəmilə Hacıyeva, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov, gənc tarixçi Fariz Bayramov və digərləri çıxış edərək belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etmişlər. Sonda isə gənclərin ünvanladığı suallar cavablandırılmışdı.
Daha sonra Bakıdan gələn qonaqlar Nəriman Nərimanovun Tbilsidə yerləşən xatirə muzeyini ziyarət ediblər.
Qeyd edək ki, Rəna Bayramovanın tədqiqat işi gürcü dilinə tərcümə edilib və yaxın gələcəkdə Gürcüstanda elmi jurnallarda çap edilməsi də nəzərdə tutulur. Azərbaycan və Gürcüstan arasında elm, təhsil sahəsində əməkdaşlığı genişləndirmək üçün, birgə elmi araşdırmalar, layihələr etmək üçün azərbaycanlı alimlərin tədqiqat əsərlərinin gürcü dilinə tərcümə edilməsi, elmi jurnallarda işıq üzü görməsi gələcəkdə də nəzərdə tutulur.


