İrakli Kobaxidze: “Ərazi bütövlüyünün sülh yolu ilə bərpası əsas milli vəzifələrimizdən biridir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası əsas milli vəzifələrdən biridir və heç kimin aldığı hər hansı tapşırıq bu məqsədi dəyişə bilməz.
InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazirin sözlərinə görə, son dövrdə bəzi şəxslərin açıqlamalarından onların xaricdəki rəhbərlərindən “yeni tapşırıq” aldıqları qənaəti yaranır.
“Görünür ki, bu insanlar xaricdəki rəhbərlərindən yeni istiqamət, yeni tapşırıq alıblar. Buna əvvəlcə Baramidzenin açıqlaması, daha sonra Qvaramiyanın açıqlamaları işarə edir. Bundan əvvəl isə Berdzenişvilinin açıqlaması olmuşdu.
Onların yeni xətti, yeni tapşırığı var və məqsəd ərazi bütövlüyünün bərpası məsələsinin arxa plana keçirilməsidir. Bu, heç bir halda yolverilməzdir.
Ərazi bütövlüyünün bərpası bizim əsas milli vəzifələrimizdən biridir. Ərazi bütövlüyünün sülh yolu ilə bərpası bizim əsas milli vəzifələrimizdən biridir və bunu nə Baramidze, nə Qvaramia, nə Berdzenişvili, nə də başqa heç kim, onlara hansı tapşırıq və göstərişin verilməsindən asılı olmayaraq, dəyişə bilməz”, – deyə İrakli Kobaxidze bildirib.


