Prokurorluq fırıldaqçılıq və pul vəsaitlərinin leqallaşdırılması üzrə transmilli cinayətin üstünü açdı
Gürcüstanın Baş Prokurorluğu kompleks araşdırma nəticəsində külli miqdarda fırıldaqçılıq və qanusuz yolla əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması kimi transmilli cinayətin üstünü açıb.
InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, iki fiziki və bir hüquqi şəxs barəsində cinayət işi başlanıb.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər xarici şirkətlərə məxsus külli miqdarda pul vəsaitlərini fırıldaqçılıq yolu ilə mənimsəmək məqsədilə Gürcüstanda müəssisə yaradaraq bank hesabları açıblar. Cinayət planına əsasən, təqsirləndirilən şəxslərdən biri özünü Fransa və Böyük Britaniyada qondarma adla fəaliyyət göstərən müəssisələrin nümayəndələrinə təqdim edərək, bu zaman onları onun şirkətinin Gürcüstan və Fransada böyük üzüm bağına sahib olduğuna inandıraraq, maliyyə mənfəəti üçün müəssisəyə sərmayə qoymağı təklif edib.
Daha inandırıcı olması üçün təqsirləndirilən şəxslər zərərçəkmişlərə müəssisənin gəlirləri və qazancları barədə yalan məlumat veriblər.
Cinayətkar dəstənin üzvləri 2020-ci ilin may-iyul ayları ərzində zərərçəkmişlərə uğurlu biznes təşəbbüsünün bir hissəsi olaraq saxta bank hesablarına 600.000 avronun yatırıldığını iddia ediblər.
Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması məqsədilə əldə olunan gəlirlər cinayətkar dəstənin üzvləri tərəfindən mənimsənilib və çoxsaylı əməliyyatlar yolu ilə onların nəzarətində olan bank hesablarına köçürülüb. Açıqlamaya görə, təqsirləndirilən şəxslər qanunsuz yolla əldə etdikləri 2 milyon lariyə yaxın gəliri leqallaşdırıblar.
Fiziki şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fırıldaqçılıq və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasını nəzərdə tutan 180 və 194-cü maddələri ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Həmçinin hüquqi şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin cəzanın ləğvini və ya fəaliyyət hüququndan məhrum edilməsini və cəriməni nəzərdə tutan 194-cü maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Məhkəmənin hökmünə əsasən, cinayətkar qruplaşma üzvlərinin və onların müəssisələrinin bank hesablarında olan pullar, təqsirləndirilən şəxslərə məxsus 4 bahalı daşınmaz əmlak və 2 avtomobil müsadirə edilib. Həm pul vəsaitlərinin, həm də daşınmaz əmlakın müsadirə edilməsi məqsədilə prokurorluq tərəfindən müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.
Gürcüstanın Baş Prokurorluğu cinayətkar qruplaşmanın üzvlərinin, habelə oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində intensiv istintaq və beynəlxalq əməkdaşlığı davam etdirir”, - deyə məlumatda qeyd olunub.


