29 
Iyl
2021
13:24
839

Tbilisidə ilk dəfə olaraq “Azad Rəhimovun adına turnir” keçirildi

İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu 28 iyul tarixində toplanış çərçivəsində son oyununu keçirib. “Sabah” komandası “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən, Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş matçda yerli “Saburtalo” klubuyla qarşılaşıb.

InterPress.ge xəbər verir ki, görüş Gürcüstanın İdman, Turizm və Gənclər Beynəlxalq Fondunun təşkilatçılığı ilə baş tutub.

Güclü yağışın müşayiətilə keçirilən matçda hesabı meydan sahibləri açıb. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək, komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində “Sabah” komandası 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. 74-cü dəqiqədə isə gənc futbolçu Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyasına müraciət edilib. 4:2 hesabıyla üstün olan “Saburtalo” matçdan qalib ayrılıb.

İdman, Turizm və Gənclər Beynəlxalq Fondunun rəhbəri Tariel Xeçikaşvili dost, qardaş ölkə ilə belə görüşlərin keçirilməsini yüksək qiymətlləndirib: “Biz azərbaycanlı qardaşımızın, dostumuzun xatirəsini əziz tuturuq. Azad Rəhimovun adını daşıyan bu turnirin gələcəkdə beynəlxalq turnirə çevrilsini planlaşdırırıq. Belə turnirlərin tez-tez keçirilməsi bizim futbolun səviyyəsinin qaldırılmasına, həmçinin idman turizminin inkişafına da mübət təsir edəcək.”

“Gürcü tərəfdaşlardan belə bir ideyanın təklif edilməsini müsbət qarşıladıq və ümid edirəm ki, bu turnirin keçirilməsi ənənəvi hal alacaq.” – deyə “Sabah”ın prezidenti Maqsud Adıgözəlov bildirdi.

“Azad Rəhimovun adını daşıyan turnirdə iştirak etdiyim üçün məmnunam. Azərbaycanlı idmançıların beynəlxalq yarışlarda və olimpiya oyunlarında uğur qazanmasında, onun böyük xidmətləri olub. O, yalnız Azərbaycan idmanının inkişafında öz töhfəsini verməyib, həmiçinin 2015-ci ildə Tbilisidə Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsində böyük dəstək nümayiş etdirmişdi.” – deyə SOCAR Energy Georgia şirkətinin baş direktoru Mahir Məmmədov qeyd etdi.

Qeyd edək ki, Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə 57 yaşında ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2021-ci ildə Tbilisidə ilk dəfə olaraq “Azad Rəhimovun adına turnir” keçirildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər